Müharibədən Masaya: 2 iyun İstanbul danışıqlarının geosiyasi əhəmiyyəti Siyasət

Müharibədən Masaya: 2 iyun İstanbul danışıqlarının geosiyasi əhəmiyyəti

Türkiyə xarici işlər naziri Hakan Fidanın Moskva-Kiyev xəttində diplomatik səyləri nəticəsində tərəflər iyunun 2-də İstanbulda növbəti dəfə görüşməyə razılaşıb. Növbəti İstanbul görüşü bir neçə kontekstdə fərqlənir.

Birincisi, təşəbbüsün Türkiyəyə keçməsidir: Ər-Riyad danışıqları ABŞ-ın təşəbbüsü ilə keçirilirdisə, mayın 16-da baş tutan İstanbul görüşü Putinin “30 günlük atəşkəs” gündəmini dəyişdirmək cəhdi idi.

2 iyun görüşü isə birbaşa Ankaranın təşəbbüsüdür və bütün tərəflər – ABŞ, Avropa İttifaqı, Ukrayna və Rusiya bunu dəstəkləyir.
İkincisi, masada balansın qorunmasıdır: görüşdə ABŞ-la yanaşı, Avropanın – Böyük Britaniya, Almaniya və Fransanın da iştirakı gözlənilir. İndiyə qədər baş tutan görüşlərdə razılaşmanın olmaması təkcə ziddiyyətli gündəmdən yox, həm də masada balansın bərabər olmamasından qaynaqlanırdı, xüsusilə Avropanın prosesdən kənar saxlanılması fonunda. Masada olmayan Avropa da əks-həmlə kimi Ukrayna üzərindən prosesin inkişafını tormozlamaq gedişləri edirdi. İstanbulda bütün tərəflərin iştirakı balansın təmin edilməsi ilə yanaşı, razılaşmanın əldə edilməsi imkanlarını az ehtimal olsa belə, ön plana çıxarır.
Üçüncüsü, mövqelərin rəsmiləşməsidir: Ukrayna və Rusiya münaqişənin həlli ilə bağlı öz mövqelərini memorandum formasında təqdim edəcək. Bu, tərəflərin mövqeləri fərqli olsa da, ən azı müharibənin başa çatması niyyətində ortaq məxrəcə gəldiyi qənaətini yaradır.
Dördüncüsü, 2 iyunda tərəflərin təqdim edəcəkləri memorandum danışıqlar prosesində yeni mərhələ hesab oluna bilər. Çünki müharibənin başlanmasından sonra Ukrayna məsələsində yeganə rəsmi sənəd İstanbul protokolları olub.
Ukrayna məsələsi ətrafında geosiyasi hadisələrin inkişafı və müharibə meydanındakı vəziyyət də İstanbulda anlaşma gözləntilərini artırır. Hakan Fidan Ukraynada bildirib ki, müharibə “dönüş nöqtəsi”ndədir: ya bu il ərzində davamlı sülh əldə edilməlidir, ya da müharibə davam edəcək.
Müharibənin davam etməsi hər iki tərəfin maraqlarına zidd görünür:
- ABŞ-ın hərbi dəstəyi olmadan Ukraynanın müqavimət perspektivləri zəifləyir;
- Rusiya üçün müharibənin başlanmasından sonra ilk dəfə danışıqlarda “uğurlu nəticə” əldə etmək imkanı yaranıb: Tramp Administrasiyası ilə anlaşmaq imkanlarını itirmək Moskvaya risklər vəd edir;

Bütün bu imkanlar fonunda tərəflər arasındakı ziddiyyətlər əsas problem olaraq qalmaqdadır.
Ukrayna və hazırki müttəfiqləri – Britaniya, Fransa və Almaniya əvvəlcə atəşkəsin əldə edilməsi, daha sonra sülh şərtlərinin müzakirəsinə nail olmağa çalışacaq. Rusiya isə atəşkəs üçün döyüşlərin dayandırılmasının da daxil olduğu ilkin şərtlərin qəbul edilməsini istəyir. Kreml təqdim edəcəkləri memorandumu açıqlamasa da, “Röyters”in yaydığı məlumatda həqiqət payı çoxdur. Danışıqlardan məlumatlı olan üç mənbə bildirir ki, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişlənməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir.
- Ukrayna üçün neytral status;
- Müəyyən sanksiyaların ləğv edilməsi;
- Dondurulmuş aktivlər məsələsinin həlli;
- Ukraynanın rusdilli sakinlərinin müdafiəsi.

Bu məlumat Rusiyanın daha öncə mediaya sızan tələblərinə, eləcə də rusiyalı rəsmilərin zaman-zaman sərgilədiyi mövqeyə uyğundur.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun açıqlaması da Putinin tələblərinin böyük ölçüdə bunlardan ibarət olduğunu təsdiq edir. Kelloq bildirir ki, ABŞ NATO-nun Şərqə doğru genişlənməsini dayandırmağı müzakirə etməyə hazırdır.
- ABŞ Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını haqlı hesab edir və bunu müzakirə etməyə hazırdır;
- Ukraynanın NATO-ya daxil olması məsələsi müzakirə edilmir;
- Rusiyanın Gürcüstan və Moldovanın da alyansa üzvlüyündən narahatdır və biz onlara deyirik ki, NATO-nun sizin sərhədinizə doğru genişlənməsini müzakirə edə bilərik;
ABŞ Rusiyanın mövqeyini qəbul edir, lakin burada əsas diqqət yenə Ukrayna və Avropa ölkələrinin mövqeyinə yönəlir.
- Ukrayna Rusiya ilə razılaşarsa, təhlükəsizlik zəmanətləri hansı formada veriləcək?
- NATO-nun genişlənməsində Rusiyanın şərtləri qəbul edilərsə, Avropanın təhlükəsizlik arxitekturası hansı formada dəyişdiriləcək?
- Avropa qoşunlarının Ukraynaya daxil olmasına Rusiya razılaşacaqmı?
Açıq qalan suallar çoxdur. Bu baxımdan, İstanbul görüşündə yekun nəticənin əldə edilməsi çətin görünür, hərçənd, Avropanın da yer alacağı danışıqlar məsələnin müharibə meydanından müzakirə masasına köçürülməsində dönüş nöqtəsi ola bilər.

Asif Nərimanlı