

3 İyun 17:28
Ermənistan Zəngəzur dəhlizininreallaşmasından imtina edərsə, Azərbaycanın İran ərazisindən keçəcək Araz dəhlizi kimi alternativi mövcuddur.
APA-nın məlumatına görə, bunu türkiyəli siyasi ekspert Esma Özdaşlı Bakıda "Yeni geosiyasi reallıqların Türkiyə - Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda tədbirdə deyib.
O, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin Rusiya-Ukrayna müharibəsi fonunda daha da önəm qazandığını söyləyib: "Türkiyə və Azərbaycan arasındakı münasibətlər Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənib. Xatırlayırsınızsa, ondan əvvəl 2010-cu ildə Strateji Tərəfdaşlıq Haqqında anlaşma imzalanıb. Siz bilirsiniz ki, SSRİ dövründən bütün təbii sərvətlər Rusiya ərazisindən satışa çıxarılırdı, lakin Azərbaycanın müstəqillik qazanmasından sonra Bakı-Tbilisi-Ceyhan, TANAP kimi möhtəşəm layihələr reallaşdırıldı. Azərbaycan bundan sonra öz təbii sərvətlərindən istifadə edərək, inkişaf mərhələsinə qədəm qoydu. Türkiyə ilə Azərbaycan arasında illər boyu davam edən enerji sahəsində əməkdaşlıq Rusiya-Ukrayna müharibəsindən sonra daha da önə çıxıb. Biz Zəngəzur dəhlizini sülh layihəsi olaraq görürük. Təbii ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi yoxdur” kimi bir fikir söyləmişdi. Bir də Azərbaycanın Araz dəhlizi deyə bir alternativi var. Ermənistan Zəngəzur dəhlizinin reallaşmasından imtina edərsə, bu alternativ mövcuddur. Lakin Zəngəzur dəhlizinin reallaşdırılması ən çox Ermənistanın özü üçün faydalı olacaq. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün Ermənistanın Konstitusiyasına dəyişiklik edilməlidir. Çünki biz Ermənistanın hücum xarakterli siyasətini qəbul etmirik. Bu dəhliz ona görə Zəngəzur dəhlizi adlandırılır ki, Zəngəzur Azərbaycanın tarixi ərazisidir”.