

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xalqcebhesi.az xəbər verir ki, məktubda deyilir:
“28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edir, ölkənizin davamlı inkişafı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında inkişaf etməkdə olan sıx və hərtərəfli münasibətlərə görə dərin təşəkkürümü bildirmək istərdim. Ənənəvi dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf etdirdiyimiz bu münasibətlər yüksəksəviyyəli müntəzəm təmaslarla möhkəmlənməkdədir. Bu, eyni zamanda, Monteneqronun azərbaycanlı dostlarımızla əməkdaşlığın dinamik inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.
Bu baxımdan, xüsusilə turizm və energetika sahələrində həyata keçirdiyimiz birgə layihələri yüksək qiymətləndiririk. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına töhfə verir və sərmayələr davamlı uğurlu əməkdaşlığımız üçün möhkəm təməl yaradır. Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri yüksələn xətt üzrə davam edəcək, Monteneqro ilə Azərbaycan bu günün mürəkkəb geosiyasi şəraitində dostluq, etimad və qarşılıqlı maraqlara əsaslanan harmoniyalı əməkdaşlığın nümunəsinə çevriləcəkdir.
Bu əlamətdar gün münasibətilə Sizə və ölkənizə səmimi təbriklərimi, möhkəm cansağlığı, sülh və firavanlıq arzularımı çatdırır, Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.