

Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib.
APA Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Paşinyan deyib ki, ölkəsində bir çox autsorsinq (kənar mənbədən istifadə etmək) halları var, onlardan bəziləri qaneedicidir, bəziləri isə yox...
“Məsələn, Zvartnots hava limanının autsorsinqdə idarə edilməsi. Düşünmürəm ki, burada Ermənistanın suverenliyi hansısa şəkildə pozulub. Və ya su təchizatı, Cənubi Qafqaz dəmir yolu və s. Bütün bu müəssisələr Ermənistan Respublikasının mülkiyyəti olaraq qalmaqda davam edir. Yolların açılması kontekstində nə müzakirə edilə bilər? Biz, məsələn, investisiyaları cəlb edəcək hansısa şirkətin yaradılmasından danışa bilərik, çünki “Sülhün kəsişməsi”ndə böyük investisiya potensialı var, lakin biz bu investisiyaları birləşdirə bilməliyik. Biz avtomobil və dəmir yolları haqqında çox danışırıq, amma qeyd etmək istəyirəm ki, bu kontekstdə biz həm də boru kəmərlərindən, elektrik xətlərindən, kabellərdən danışırıq və bu, yaradılmalı və idarə edilməli olan bir təsərrüfatdır. Söhbət bundan gedir və bizim fikrimizcə, bu, Ermənistanın mülkiyyəti ola bilər. İcarə, o cümlədən torpaq sahəsi çox müzakirə olunur və demək istəyirəm ki, bizim qanunlarımıza görə, bu, tikinti hüququ adlanır və tikinti məntiqində müqavilənin müddəti bitdikdən sonra investisiyalar Ermənistan Respublikasının mülkiyyətində qalmağa davam edir”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat bildirib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat vurğulayıb. Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib ki, bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir.