

Bizim regionumuzda geosiyasi vəziyyət də dəyişir. Bir halda ki, digər tranzit yollar daha faydalı yola çevrilir. Bütün bu potensiala baxdıqda biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Prezident bildirib ki, biz həmçinin, dəmiryolu layihəsinin başa çatdırılması ilə məşğuluq: “Bu bizim Ermənistanla və İranla olan sərhədimizdə baş verir və gələn ilin yazında həmin dəmiryolunun Azərbaycan hissəsinin tikintisi başa çatdırılacaq. Ermənistan ərazisində olan hissəyə gəldikdə, yeri gəlmişkən, sovet vaxtında bu dəmir yolu Azərbaycan dəmir yolunun ayrılmaz bir hissəsi idi. Və bu Ermənistanın dəmir yolu strukturuna aid deyildi. Çünki onun Ermənistanın dəmiryolu şəbəkəsi ilə hər hansı bir bağlılığı yox idi. Ona görə Zəngəzur dəhlizinin əslində açılması ilə biz Şimal-Cənub marşrutunun digər bir vektorunu açacağıq. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı 5 ildir heç nə etməyib. Ermənistan tərəfində bu iş bilərəkdən gündəlikdən çıxarılır. Belə çıxır ki, Ermənistanın tranzit ölkəyə çevrilmə şansları sıfıra gedir. Əgər bundan sonra da bu prosesi bloklaşdıracaqlarsa, düşünürəm ki, onlar nəinki nəqliyyat baxımından elə bugünkü təcrid olunmuş vəziyyətdə qalacaqlar, o cümlədən həm də siyasi təcrid olunmuş vəziyyətə düşəcəklər”.