“ABŞ səfiri Azərbaycana sanki başqa planetdən gəlib” Siyasət

“ABŞ səfiri Azərbaycana sanki başqa planetdən gəlib”

Əli Hüseynli: "Onun Azərbaycanla və regionla bağlı söylədiyi fikirlər heç bir reallığa söykənmir və diletant səviyyəsindədir"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan hökuməti barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
- Əli müəllim, ABŞ səfirinin sonuncu açıqlaması hakimiyyət təmsilçiləri arasında ciddi reaksiyaya səbəb olub. Sizcə bu cür kəskin reaksiyanın səbəbi nədir? Axı biz həm də strateji partnyor ölkələrik.
- Haqlısınız. Amma gərək strateji partnyor ölkənin səfiri və rəsmiləri bu münasibətlərə uyğun adekvat bəyanatlar versinlər. ABŞ səfirinin sonuncu açıqlaması ilə tanış olanda adama elə gəlir ki, o Azərbaycana başqa planetdən gəlib. Onun Azərbaycanla və regionla bağlı söylədiyi fikirlər heç bir reallığa söykənmir və diletant səviyyəsindədir və provakasion xarakter daşıyır.
- Səfir Azərbaycan hökumətinə istinadən bir sıra siyasi aktivistlərin həbsinin Azərbaycanın mürəkkəb geopolitik vəziyyəti ilə bağlı olduğunu da söyləyib.
- Onun bu fikirləri ümumiyyətcə absurddur. Azərbaycanda heç kim siyasi aktivliyinə görə təqib olunmur. Onun nəzərdə tutduğu şəxslər konkret cinayət əməllərinə görə ittiham olunublar. Ola bilsin ki, onları bu qeyri-qanuni əməllərə təhrik edənlər sırasında ABŞ-ın da bir sıra dairələri olmuşdur və bu səbəbdən də ABŞ səfiri də indi onları müdafiə etmək məcburiyyətindədir. Biz buna çox təəssüf edirik. Azərbaycan son illər demokratiya, insan hüquqları, şəffaflığın artırılması sahəsində bir çox irəliləyişlər əldə etmişdir.
O ki qaldı Azərbaycanın geopolitik vəziyyətinə istinad olunması fikrinə, əksinə Azərbaycan çox uğurlu coğrafi bir məkanda yerləşir. Biz hazırda Rusiya, İran və Gürcüstan kimi tarixi qonşularımızla dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətindəyik. Ölkə prezidenti cənab İlham Əliyevin bu ölkələrə etdiyi səfərlər və etdiyi çıxışları oxumaq kifayətdir ki, səfir bunu anlasın. Azərbaycanın rəsmi mövqeyi budur. Qarşıya çıxan problemlər də elə bu dostluq əlaqələrinə söykənərək işgüzar səviyyədə həll olunur. Bu regionda sülh və əmin-amanlıq mühitini pozan yeganə ölkə ABŞ-ın da maliyyə dəstəyi verdiyi işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ erməniləridir.
- ABŞ səfiri həmçinin qeyd edib ki, əgər Azərbaycan vətəndaş cəmiyyəti ilə bağlı siyasətini dəyişməzsə, 5-10 ildən sonra Ukraynadakı Maydan hadisələri Azərbaycanda da təkrar oluna bilər.
- Nəinki 5-10 ildən sonra, heç 50-100 ildən sonra da Azərbaycanda belə hadisələr baş verməyəcək. Çünki, vaxtilə Qərbin dəstəklədiyi süni "məxməri inqilab"lar nəticəsində xalqın iradəsini əks etdirməyən qüvvələr hakimiyyətə gəlmişdilər. O zaman Azərbaycanla da bağlı belə fikirlər səslənirdi. Amma baş tutmadı. Çünki, Azərbaycan hakimiyyəti azad və real seçkilər nəticəsində formalaşır və xalqın iradəsini ifadə edir. Xatırlayıram ki, o zaman məxməri inqilablar fonunda prezident İlham Əliyev demişdir ki, zaman gələcək, həmin ölkələrin xalqları özləri məxməri inqilablar hadisələrinə qiymət verəcəklər. İndi həmən zaman gəlib.
Ümumiyyətlə ABŞ-ın keçmiş postsovet ölkələrində dəstəklədiyi məxməri inqilablar və müsəlman ölkələrindəki "ərəb baharı" hadisələrinin acı nəticələri göz qabağındadır. Səfirin də söylədiyi kimi, demokratiya və insan hüquqları adı altında həyata keçirilən və yaradılan bu iğtişaşlar xalqlara aclıq, səfalət və vətəndaş müharibələrinə gətirir. Məqsəd isə bu ölkələrin maddi və mədəni sərvətlərini talamaqdan ibarətdir.