Ukrayna səfiri: Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk Siyasət

Ukrayna səfiri: Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk

"Biz Ukraynada Azərbaycanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünə əsaslanan mövqeyini, habelə bizə göstərdiyi dəstəyini yüksək qiymətləndiririk".

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev məqaləsində yazıb.

O qeyd edib ki, iki dövlət arasında əməkdaşlıq özünü energetika, ticari-iqtisadi və humanitar, eləcə də strateji tərəfdaşlığın müxtəlif sahələrində özünü aydın şəkildə göstərir:

"Bu gün biz Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla birlikd ədalətli sülh və təhlükəsizlik hüququ uğrunda mübarizə aparırıq. Ölkələrimizi məhz beynəlxalq münasibətlərdə formalaşan yeni reallıqlar şəraitində təkcə gücün deyil, tərəfdaşlarımız və xalqımız qarşısında səmimi olmanın da vacibliyi anlamağımız birləşdirir".

Diplomat Rusiya ilə müharibəyə də toxunub. Vurğulayıb ki, Ukrayna humanitar hüquqa tam şəkildə riayət edir:

"2024-cü ilin dekabrında Müdafiə Nazirliyi bununla bağlı hesabat təqdim edib. Könüllülük xarakteri daşıyan və analoqu olmayan bu milli sənəddə beynəlxalq humanitar hüquqa riayət olunması 50-dən çox praktik nümunə ilə göstərilib. Eyni zamanda mülki əhalinin döyüş əməliyyatları zonasından təxliyəsi, onların məlumatlandırılması yolları da hesabatda öz əksini tapıb. Bütün bunlarla birlikdə sənədin mətnində əsirlərlə humanitar səviyyədə davranışın örnəkləri də yer alıb. Biz müharibə aparsaq da işğalçının səviyyəsinə enmirik. Piyada əleyhinə minalardan məhdud həcmdə və yalnız müdafiə məqsədilə istifadə edilməsi də daxil olmaqla, bütün beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə əsaslanır. Etiraf etməliyik ki, bu gün Ukraynanın qarşısında ekzistensional çağırışlar dayanıb. Piyada əleyhinə minalardan istifadə bizə xüsusilə də Şimali Koreya kimi üçüncü ölkələrdən düşmən tərəfin ardı-arası kəsilməyən həmlələri qarşısında işğalçıya qarşı effektiv müdafiə məsələsində bizə effektiv müdafiəni həyata keçirməyə imkan verir".

Səfir Ukrayna tərəfindən piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsinin dayandırılmasına da münasibət bildirib:

"Bu qərar məcburi olsa da bizi terrorçu dövlətin sürüklədiyi müharibə şəraitində atılmalı olan zəruri bir addımdır" - diplomat yazıb.