
Pezeşkianın Azərbaycan siyasəti: tarixi fürsət və təhdidlər
6 Avqust 23:33
Prezident İlham Əliyevin ABŞ-a səfəri önəmli hadisədir. Ekspertlər səfəri təkcə iki ölkə arasındakı münasibətərin inkişafı deyil, eyni zamanda bölgədə sabitliyin bərqərar olması baxımından dəyərləndirir və bir sıra istiqamətlərdə önəmli nəticələrin ələ ediləcəyini qeyd edirlər.
Təbii ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesi ilə bağlı hansı nəticələrin olacağı maraq doğurur.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin strateji mərhələyə qədəm qoyması üçün yeni imkanlar yaranıb: “Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu prespektivlər daha da güclənib”.
Millət vəkil bildirib ki, Vaşinqtonın əvvəlki administrasiyası dönəmində zəifləyən və bir sıra hallarda gərginləşən münasibətləri strateji müstəviyə daxil etmək üçün artıq kifayət qədər geniş imkanlar vard: “Ötən ildən başlayaraq iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır. Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamıkası ticarət və qarşılıqlı sərmayə qoyluşları sahəsində daha geniş imkanlar yaradacaq.
Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhvə verməkdədir. Bu cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmaqla yanaşı, həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlaması demək idi.
Bütün bunlar kontekstində, Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfəri yalnız ABŞ Azərbaycan münasibətləri deyil, bütövlükdə Amerika Cənubi Qafqaz əlaqələrində yeni səhifə açacaq”.
“Müsbət addımların atılması davam edəcək”
Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin təmin olunması, nəqliyyat xətlərinin açılması, dəhlizlərin işə düşməsi Qlobal Cənuba rəhbərlik edən Çinin, ABŞ - nin və digər Qərb ölkələrinin marağındadır: "Türkiyə Azərbaycanın strateji tərəfdaşı kimi bu məsələyə mühüm töhfə verir. Azərbaycan isə Orta Şərqdə aparıcı roy oynayan bir aktordur. Bunları nəzərə alsaq deməliyik ki, mənzərə tamamlanır. Çatışmayan yeganə məqam Ermənistanın ziqzaqvari siyasətindən əl çəkməsidir. Əgər İrəvan sülhlə bağlı konkret mövqe ortaya qoysa, regionda durum tamamilə dəyişəcək. Azərbaycan və Ermənistan sülh sazişi mətninin paraflanması bu istiqamətdə mühüm addımdır. ABŞ kimi nəhəng dövlətin baç verənlərdə maraqlı olması və bölgənin əsas gücü Azərbaycanın prosesdə öndə getməsi hər kəsdə əminlik yaradır ki, müsbət addımların atılması davam edəcək".
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə
Siyasi ekspert Mübariz Göyüşlü diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin Vaşinqtona səfəri tarixi mahiyyət daşıyır. Onun fikrincə, səfər Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması deməkdir: “Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir, regional və qlobal siyasətdə önəmli rola malikdir. Prezident İlham Əliyevin istər regional, istər qlobal siyasətdə atdığı addımlar müsbət nəticələr verib. Azərbaycan-ABŞ münasibətləri bir çox sahələri əhatə edir. Təbii ki, əsas amil sülh və təhlükəsizlik məsələsidir. Nəzərə alaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ərəfəsəndəyik. Bu prosesin Trampın səyləri ilə sürətləndirilməsi və yeni mərhələyə qədəm qoyması çox önəmlidir. Düşünürəm ki, Prezidentin səfəri faydalı məqamlarla yadda qalacaq”.
ABŞ-ın sülh təşəbbüsləri
Politoloq Turan Rzayev söyləyib ki, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqaz siyasətinə daha açıq şəkildə maraq göstərməsi diqqət çəkir: “Şübhəsiz, bu həm də Vaşinqtonun bölgədə sabitlik və uzunmüddətli sülh axtarışında daha aktiv rol oynamaq niyyətindən xəbər verir. Bu, təkcə ABŞ-ın qlobal vasitəçilik missiyasının genişlənməsi deyil, həm də Azərbaycanın regional mövqeyinin yüksəlməsinin göstəricisidir”.
Ekspert hesab edir ki, İlham Əliyevin rəhbərliyi ilə Bakı, həm hərbi-siyasi sahədə, həm də diplomatik kanallarda tarazlı və strateji xətt yürüdür: “Azərbaycanın mövqeyi konstruktiv, hüquqa əsaslanan və reallıqları nəzərə alan bir yanaşma üzərində qurulub. Bu isə ABŞ kimi böyük dövlətlərin diqqətini çəkməklə yanaşı, Bakını regionda dayanıqlı tərəfdaş kimi ön plana çıxarır.
Trampın Vaşinqtona səfər çərçivəsində Pezident İlham Əliyevlə baş tutacaq təkbətək görüş sadəcə bir protokol jesti deyil. Bu görüş, ABŞ-ın Azərbaycanla ikitərəfli münasibətlərə yeni dinamika qazandırmaq istədiyinə işarədir. Tramp administrasiyası bu məqamları nəzərə alaraq, Bakının regionda sabitlik və əməkdaşlıq üçün açar oyunçu olduğunu qəbul edir.
Bununla yanaşı, prezidentin dialoq və diplomatiyaya önəm verməsi, Ermənistanla mümkün sülh sazişi istiqamətində atdığı ardıcıl addımlar ABŞ-ın da sülh təşəbbüslərini gücləndirir. Bu fonda Vaşinqtonda keçiriləcək görüşdən konkret nəticələr gözlənilməsi tamamilə realdır. Əgər bu proses müsbət istiqamətdə davam edərsə, ABŞ-Azərbaycan münasibətləri təkcə ikitərəfli çərçivədə deyil, həm də qlobal təhlükəsizlik və enerji siyasəti kontekstində strateji tərəfdaşlığa çevrilə bilər.
Trampın birinci prezidentliyi dövründə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsi və qarşılıqlı etimada əsaslanması, hazırda bu əlaqələrin daha da dərinləşməsinə münbit şərait yaradır. İkitərəfli münasibətlər yalnız enerji təhlükəsizliyi və regional sabitliklə məhdudlaşmır, eyni zamanda iqtisadi-ticarət, rəqəmsal transformasiya, yaşıl enerji və humanitar sahələri də əhatə edən geniş bir spektrdə inkişaf edir. Xüsusilə Qarabağ münaqişəsinin başa çatması və post-münaqişə dövründə regionda sülh gündəminin önə çıxması, bu əməkdaşlığın beynəlxalq müstəvidə aktuallığını artırır.
Azərbaycan Prezidentinin verdiyi bəyanatlar və ünvanladığı məktublar, həmçinin Tramp administrasiyasından gələn cavablar, ortaq maraqlara əsaslanan tərəfdaşlığın gələcək konturlarını müəyyənləşdirir. Burada diqqətçəkən əsas məqam, ABŞ-ın Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı açıq və birmənalı dəstəyidir ki, bu da regional sabitliyin möhkəmləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir.
Eyni zamanda Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda ABŞ-la münasibətlərə dair verdiyi mesajlar göstərir ki, Azərbaycan bu əməkdaşlığı təkcə keçmiş təcrübə üzərində deyil, gələcəyə hesablanmış strateji vizyonla inkişaf etdirmək əzmindədir. Onun Trampın qlobal və regional sülh təşəbbüslərinə verdiyi açıq dəstək və səmimi yanaşma, iki liderin şəxsi münasibətləri fonunda ölkələrarası tərəfdaşlığın yüksələn xətlə inkişafına güclü təkan verir.
Donald Trampın Prezident Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından sitat paylaşması və qarşılıqlı təşəkkür mesajları, bu münasibətlərin yalnız dövlətlərarası deyil, həm də liderlərarası dərin inam və hörmət üzərində qurulduğunu göstərir. Bu baxımdan ABŞ–Azərbaycan əlaqələri, təkcə ikitərəfli maraqlarla deyil, eyni zamanda daha geniş geosiyasi çərçivədə Cənubi Qafqazda sabitlik və inkişaf kontekstində də mühüm strateji əhəmiyyət daşıyır”.