“Səfərin önəmli tərəfi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması ilə bağlıdır” Siyasət

“Səfərin önəmli tərəfi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması ilə bağlıdır”

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə reallaşan Vaşinqton səfəri həm regional sülh prosesi, həm də ikitərəfli əməkdaşlıq baxımından əhəmiyyətli siqnallar verir. Səfər çərçivəsində ilk diqqətçəkən məsələ Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı irəliləyişlər oldu. Məlumata görə, iki ölkə arasında sülh sazişinin paraflanması mərhələsi başa çatıb. Bu, sənədin məzmunu üzrə ciddi fikir ayrılıqlarının aradan qalxdığını və tərəflərin yekun imzaya doğru irəlilədiyini göstərir. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru yolunun açılması ilə bağlı ilkin razılaşma da əldə olunub. Məlumdur ki, bu məsələ uzun müddətdir Azərbaycanın prioritetləri arasında idi. ABŞ Prezidenti Trampın bu dəhlizin təminatçısı rolunu üzərinə götürməsi isə yeni geosiyasi konfiqurasiyadan xəbər verir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

T.Rzayev vurğulayıb ki, digər bir diqqətçəkən məsələ isə Bakı və İrəvanın ATƏT-in fəaliyyətsiz Minsk Qrupunun rəsmən ləğvinə dair birgə təşəbbüs göstərməsidir: “Bu, münaqişə dövrünün simvollarından biri olan strukturun tarixi missiyasının başa çatdığını təsdiqləyir. Amma Rusiya kimi oyunçuların buna necə reaksiya verəcəyi hələ də sual altındadır. Səfərin digər önəmli tərəfi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması ilə bağlıdır. Vaşinqton, illərdir Bakı ilə münasibətlərdə maneəyə çevrilmiş 907-ci düzəlişin icrasını dayandırmağa qərar verib. Bu addım Bakı üçün müsbət siyasi jest olsa da, həmin düzəlişin tam ləğvi üçün Konqresin qərarı zəruridir və bu, zaman alacaq”.

Politoloqun sözlərinə görə, bununla yanaşı, iki ölkə arasında enerji, innovasiya və təhlükəsizlik sahələrini əhatə edən strateji tərəfdaşlıq memorandumu da imzalanacaq: “Bu sənəd, Azərbaycanın balanslı diplomatiyasının davamı olaraq ABŞ ilə iqtisadi və texnoloji əməkdaşlığın güclənməsinə zəmin yaradır. Ümumilikdə, Vaşinqton səfəri Prezident İlham Əliyevin diplomatik çevikliyini və proseslərə strateji baxışını bir daha nümayiş etdirdi. Sülh istiqamətində atılan addımlar və ABŞ ilə qurulan yeni əməkdaşlıq formatı regionda sabitlik və tərəfdaşlıq imkanlarını genişləndirə bilər. Amma bu prosesin davamlı və gerçək nəticə verməsi üçün həm daxili ictimai-siyasi həm də beynəlxalq faktorlar diqqətlə izlənilməlidir”.

Röya İsrafilova