
“Vaşinqton Zirvəsi son deyil”
9 Avqust 15:13
2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi tarixi sülh sammiti – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə – həm simvolik, həm də məzmun baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri amerikalı politoloq, Oksford Universitetinin siyasət üzrə fəlsəfə doktoru, professor Devid Felsen APA-ya müsahibıəsində deyib
O, qeyd edib ki, Vaşinqton zirvəsi 1994-cü ildə atəşkəs elanından sonra Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən ən yüksək səviyyəli görüş oldu. “ABŞ prezidentinin uzun illər davam edən, xüsusən də 2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ildə Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra gərginləşmiş münasibətlər fonunda bu iki ölkəni bir masa arxasına toplaması diplomatik baxımdan böyük nailiyyətdir. Sammitin əsas nəticəsi olaraq müharibəni başa çatdıracaq və iki ölkə arasında sülh münasibətlərinin bərqərar edilməsini təmin edəcək müqaviləsinin imzalanması gözlənilir.”
Professorun qənaətinə görə, bu sənəd yalnız Cənubi Qafqaz regionunun daha da sabitləşməsinə deyil, həm də ABŞ-ın strateji maraqlarına xidmət edəcək: “Belə ki, regionun Rusiyanın təsir dairəsindən çıxarılması və iqtisadi-siyasi baxımdan Qərbə inteqrasiyası, xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi Vaşinqton üçün önəmli geosiyasi qazanclardır. Sammitdə ən çətin müzakirə mövzularından biri – Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru bağlantını təmin edəcək dəhliz məsələsi – uğurla razılaşdırıldı. Bu dəhliz həm Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında fasiləsiz əlaqəni təmin edəcək, həm də Türkiyəyə birbaşa quru yol açaraq regionda yeni nəqliyyat xəritəsi formalaşdıracaq. Bu, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan, lakin illərlə icrası uzanan maddənin reallaşması deməkdir.”
Dr. Felsen hesab edir ki, sammitin uğuru yalnız sülh sazişinin imzalanması ilə məhdudlaşmır.
“Qarşıdakı illərdə razılaşmanın davamlılığını təmin etmək üçün əlavə etimad qurucu tədbirlərin görülməsi vacibdir. Buraya Bakı–Naxçıvan–İrəvan–Qars istiqamətində yeni dəmir yolu və avtomobil yollarının inşası, Xəzər dənizi və Qara dənizi birləşdirən enerji-nəqliyyat layihələrinin genişləndirilməsi, SOCAR və beynəlxalq şirkətlərin regiona yatırımlarının artırılması daxildir. Bu sammit həm də Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. ABŞ, Avropa İttifaqı və Türkiyənin dəstəyi ilə imzalanacaq sülh müqaviləsi, 30 ildən artıq davam etmiş Azərbaycan–Ermənistan münaqişəsinin tarixə qovuşmasına və regionda dayanıqlı sülhün bərqərar olmasına real zəmin yaradır,” deyə o, fikrini yekunlaşdırıb.