907-ci düzəlişin ləğv olunması tarixi hadisədir Siyasət

907-ci düzəlişin ləğv olunması tarixi hadisədir

Avqust ayının 8-i Azərbaycanin diplomatiya tarixinə qızıl hərflərlə yazılan bir gün oldu. Həmin gün həm də müasir Azərbaycan tarixinin ən şanlı və şərəfli günü sayılmalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ABŞ-ın paytaxtı Vaşinqtonda növbəti diplomatik qələbə qazanıldı. ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması bütün dünyanın diqqət mərkəzinə düşdü. Prezident İlham Əliyevin bu şanlı diplomatik zəfəri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.

Avqustun 8-də Prezident İlham Əliyev Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı yerli mediayaya geniş müsahibə verdi. Ölkə başçısı öz müsahibəsində Vaşinqtonda ABŞ Prezidenti və Ermənistan Baş naziri ilə keçirilən görüşləri və imzalanan sənədləri yüksək dəyərləndirərək tarixi hadisə hesab edib. ABŞ Prezidenti ilə görüş barəsində danışan Prezident İlham Əliyev bildirib ki, “Görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.

Əvvəlki administrasiyanın hakimiyyətdə olduğu dörd il itirilmiş vaxt kimi qiymətləndirmək lazımdır. Çünki Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Hazirda isə ikitərəfli münasibətlərdəki vəziyyəy kğkündən dəyişib. Əlbəttə ki, Prezidentlərin şəxsi təmasları Azərbaycan-ABŞ münasibətlərində önəmli rol oynayacaq.

Bu gün 907-ci düzəlişin ləğv olunmasını tarixi hadisə hesab etmək olar. Bununla əlaqədar ölkə başçısının qeyd etdiyi kimi: ““Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi”.

“Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin artıq aradan qalxdığını göstərir. Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi” – deyə cənab Prezident vurğulayıb.

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra sülh müqaviləsi təşəbbüsünü məhz Azərbaycan irəli sürmüşdür. Savaş başa çatanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin başlanması zərurəti yaranmışdı. Həmin vaxt Azərbaycanın təşəbbüsü cavabsız qaldı. Daha sonra Azərbaycan tərəfi məlum əsas beş prinsipi ortaya qoydu və bunun üzərində sülh sazişinin mətnini də ölkəmiz hazırladı. Sonra Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirildi. bu zaman yenə də əsas fundamental məsələ tərəflərin bu məsələdə razılığa gəlməsinə imkan vermədi. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra demək olar ki, fəal danışıqlar prosesi başlandı.

Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.

Ölkə başçısı öz müsahibəsində qeyd edib ki, Prezident Trampla imzalanan memorandumda enerji əməkdaşlığı xüsusi yer tutur. Bu gün Azərbaycan NATO-nun 10 üzvünü, ABŞ-ın 10 müttəfiqini təbii qazla təchiz edir. Ölkəmiz boru kəməri ilə qaz tədarükü üzrə 14 ölkəni əhatə edir. O cümlədən, 10 NATO, 10 Aİ üzvü Azərbaycandan təbii qaz alır. Ölkəmiz bu yaxınlarda Suriyaya təbii qaz tədarük etməyə başlayıb. Beləliklə, Azərbaycan artıq Yaxın Şərq regionuna daxil olub və coğrafiyasını Avropada, eləcə də Yaxın Şərqdə genişləndirəcəkdir.

Prezident İlham Əliyev Müsahibəsində bildirib ki, “Amerika Birləşmiş Ştatları ilə süni zəka, rəqəmsal transformasiya üzrə yaxından işləmək planlarımız var. Mənim buraya səfərim zamanı artıq komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin müzakirələr baş tutub. Yeni görüşlər də olacaq. Beləliklə, həqiqətən də bu gün biz bütün istiqamətlər üzrə - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və bir çox digər sahələr baxımından tarixi bir günün şahidi oluruq”.


İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü