“Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir” Siyasət

“Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir”

“Hindistan tərəfindən ölkəmizin ŞƏT üzvülüyünə qəbulunu veto qoyulması Nyu-Dehlinin uzaqgörən və məntiqli qərar qəbul edə bilmədiyinin göstəricisidir. Çünki Hindistan bu şəkildə qərar verməklə əslində həm də ŞƏT-in ümumi maraqlarının ziddinə mövqe tutmuş oldu. Birincisi ona görə ki, hər kəs tərəfindən Cənubi Qafqaz regionunun lideri olaraq qəbul edilən bir ölkənin təşkilata üzvlüyü ŞƏT üçün, o cümlədən də Hindistanın özü üçün əlavə imkanlar qazandıra bilərdi. İkincisi, Hindistanın öz müttəfiqi Ermənistanın təşkilata üzvlüyünün də yolunun Azərbaycanın təşkilata qəbulundan keçdiyini bilməli idi. Bilməli idi ki, bizə qarşı qoyulan veto Pakistanı da Ermənistanla bağlı veto qoymağa məcbur edəcək. Amma Hindistan bunları nəzərə ala biləcək uzaqgörənlik nümayiş etdirə bilmədi”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

Y.Bağırzadə diqqətə çatdırıb ki, bu, Hindistan tərəfindən Azərbaycan qarşı atılan ilk addım deyil: “Son dəfə Azərbaycanın BRİCS üzvlüyü ilə bağlı qərara da məhz elə Hindistan veto qoymuşdu. Şübhəsiz ki, bu qərarda Azərbaycan-Pakistan münasibətləri də vacib faktorlardan biridir. Nyu-Dehli Azərbaycanın Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə etməsini və eləcə də son Pakistan-Hindistan qarşıdurmasında siyasi və mənəvi olaraq Pakistanı dəstəkləməsini həzm edə bilmir. Düşünürəm ki, Hindistanın qərarının arxasında başqa səbələr də var. Burda digər faktorlar da rol oynayır. Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir. Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ilə Azərbaycanın Orta dəhlizdə aktiv rol oynadığını bilən Nyu-Dehli bu cür qərarla əslində həm də Çinin maraqlarına qarşı mövqe ortaya qoymuş olur. Elə “Bir Kəmər, Bir Yol” layihəsinin əleyhinə mövqe sərgiləməklə də bunu sübut etdi”.

Politoloq vurğulayıb ki, digər vacib faktor isə Rusiya faktorudur: “Rusiya sammitdə Azərbaycanın ŞƏT üzvlüyünə qəbulunu dəstəkləsə də Hindistanın bu şəkildə mövqeyində onun da payı olduğu şübhəsizdir. Xüsusilə də son dövrlərdə Hindistan-Rusiya münasibətlərində kifayət qədər yaxınlaşma müşahidə olunur. Tərəflər xüsusilə də Rusiya, İran və Hindistan tərəfindən əsası qoyulmuş Şimal-Cənub nəqliyyat dəhlizi məsələsində aktiv əməkdaşlıq edirlər. Hindistan kimi Rusiya da Çinin Azərbaycanla hər keçən gün daha da inkişaf edən münasibətlərindən narahatlıq keçirir və ölkəmizin “Bir kəmər bir yol” layihəsində orta dəhlizdə əsas oyunçu olduğunu bilir. Rusiyanın artıq bir müddətdir Azərbaycanla davam edən gərginliyi də rəsmi Kremlin Hindistanın mövqeyində təsiri olduğunu deməyə əsas verir. Amma Rusiya Azərbaycanın təşkilata üzvlüyünü açıq şəkildə dəstəkləyən Çinlə münasibətlərində problem yaratmamaq üçün bu dəfə bunu Hindistan vasitəsilə etdi”.

Onun sözlərinə görə, amma bütün baş verənlərə baxmayaraq Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzvlüyünün qarşısının alınması prinsip etibarilə heç nəyi dəyişməyəcək: “Azərbaycan onsuzda ŞƏT üzvü olan əksər ölkələrlə kifayət qədər yaxşı ikitərəfli münasibətlərə malikdir. Ölkəmizin Şanxay əməkdaşlıq Təşkilatının əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsi də hər keçən gün artır və təşkilatda hansı statusla təmsil ounmağımızdan asılı olmayaraq bu münasibətlər inkiaf etməkdə davam edəcək”.

Röya İsrafilova