“Ərdoğanın Pezeşkianla görüşdə Cənubi Qafqaz məsələsinə xüsusi diqqət ayırması təsadüfi deyil” Siyasət

“Ərdoğanın Pezeşkianla görüşdə Cənubi Qafqaz məsələsinə xüsusi diqqət ayırması təsadüfi deyil”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkianın Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan görüşü region üçün mühüm siyasi siqnal kimi qiymətləndirilir. Görüşdə tərəflər Suriyadakı vəziyyət, İsrailin Qəzza zolağına hücumları və Cənubi Qafqazda sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusən də Cənubi Qafqaz məsələsinin gündəmə gətirilməsi diqqət çəkir. Bu görüşdən sonra İranın mövqeyində dəyişikliyin mümkünlüyünə gəldikdə isə, İran uzun illərdir Cənubi Qafqazda balanslı mövqe nümayiş etdirməyə çalışır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

E.Telmanoğlu bildirib ki, Tehran bir tərəfdən Ermənistanla sıx iqtisadi və logistik əməkdaşlıq edir, digər tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirməməyə çalışır: “Lakin 2020-ci il Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar İranın mövqeyini ziddiyyətli vəziyyətə saldı. Tehranın əsas narahatlığı Zəngəzur dəhlizi və Türkiyə-Azərbaycan əməkdaşlığının artmasıdır. Bu, İranın Ermənistan üzərindən Avropaya çıxış imkanlarını məhdudlaşdıra və regiondakı strateji təsirini zəiflədə bilər. Bununla belə, yeni prezident Məsud Pezeşkianın Türkiyə ilə dialoqa açıq mövqe sərgiləməsi, İran diplomatiyasında müəyyən yumşalmaların ola biləcəyini göstərir.
Bu proseslərdə Türkiyənin roluna gəldikdə isə, Ankara son illərdə regionda aparıcı güc kimi mövqelərini möhkəmləndirib. Ərdoğanın Pezeşkianla görüşdə Cənubi Qafqaz məsələsinə xüsusi diqqət ayırması təsadüfi deyil. Türkiyə istəyir ki, İran yeni geosiyasi reallıqları qəbul etsin və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maneə yaratmaq əvəzinə, konstruktiv tərəfdaş rolunu oynasın. Siyasi üfüqdə görünən perspektivlər isə bu cürdür”.

Politoq əlavə edib ki, qısa müddətdə İranın kəskin mövqe dəyişikliyi gözlənilmir: “Tehran həm Ermənistanı tam itirmək istəmir, həm də Azərbaycan və Türkiyə ilə açıq qarşıdurmaya getməkdən çəkinir. Orta və uzun müddətdə isə İranın regiondakı mövqeyi iqtisadi faktorlar və Qərbin sanksiya siyasəti ilə sıx bağlı olacaq. Əgər Tehranın Türkiyə ilə əməkdaşlığı dərinləşərsə, bu, Cənubi Qafqazda daha praqmatik mövqeyə keçidi sürətləndirə bilər. Nəticədə yaranan siyasi tablo, Ərdoğan–Pezeşkian görüşü göstərir ki, Türkiyə və İran regionda rəqabətdən çox əməkdaşlıq platforması üzərində düşünürlər. Bu dialoqun davamlı olması halında İranın Cənubi Qafqaz siyasətində yumşalmalar mümkündür. Lakin hələlik Tehran ehtiyatlı davranacaq və balans siyasətini qorumağa çalışacaq”.

Röya İsrafilova