

Azərbaycanla Şanxay Əməkdaşlığı Təşkilatı (ŞƏT) arasında münasibətlər daha geniş əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan 2016-cı ildən təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir:
"2024-cü ildə ölkəmiz bu statusun müşahidəçi ölkə səviyyəsinə yüksəldilməsi üçün rəsmi müraciət edib. Azərbaycanın geosiyasi mövqeyi, dayanıqlı iqtisadi inkişafı, həmçinin həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr ölkəmizi ŞƏT üçün cəlbedici tərəfdaş edir. Azərbaycanın tranzit və logistika imkanları təşkilat üzvləri üçün mühüm əhəmiyyət daşıyır. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Trans-Xəzər Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafına böyük töhfə verir".
Milli Məclisin üzvü bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı görülən işlər də Azərbaycanın regiondakı nəqliyyat qovşağı rolunu daha da möhkəmləndirəcək:
"Bu layihənin gerçəkləşməsi yalnız Azərbaycan üçün deyil, bütün region ölkələri üçün yeni iqtisadi və ticarət imkanları yaradacaq. Azərbaycanın ŞƏT-lə əlaqələrinin inkişafı müxtəlif istiqamətlərdə mühüm imkanlar açır. İlk növbədə, regional təhlükəsizlik və sabitliyin qorunması sahəsində birgə fəaliyyət üçün zəmin genişlənir. Eyni zamanda, xarici investisiyaların ölkəyə cəlb edilməsi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə iri layihələrin həyata keçirilməsi üçün yeni tərəfdaşlıq imkanları formalaşır. Azərbaycan artıq bir çox ŞƏT üzvü olan dövlətlərlə – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistanla sıx ikitərəfli münasibətlərə malikdir. Lakin təşkilat çərçivəsində əməkdaşlıq bu əlaqələri daha geniş miqyasda inkişaf etdirməyə şərait yaradır".
Ş.Seyidzadə vurğulayıb ki, Çin, Rusiya və Hindistan kimi qlobal oyunçularla əməkdaşlıq formatlarının güclənməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə də xidmət edir:
"ŞƏT sammiti bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıq və qlobal dialoqun fəal iştirakçısına çevrilmişdir. Prezident İlham Əliyevin sammitdə iştirakı, ölkəmizin strateji təşəbbüsləri və konkret layihələri Azərbaycanın ŞƏT-də rolunun güclənəcəyini təsdiqləyir. Azərbaycan–ŞƏT münasibətləri gələcəkdə nəqliyyat, enerji, ticarət, investisiya və humanitar sahələrdə daha geniş əməkdaşlıq üçün yeni imkanlar yaradacaq, ölkəmizin Avrasiya məkanında strateji mövqelərini daha da gücləndirəcək".
Qeyd edək ki, bu günlərdə Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının illik sammiti keçirilib. Tədbirdə 21 ölkənin dövlət və hökumət başçıları, həmçinin 10 beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.