Prezidentin Nyu-York səfəri: Azərbaycan beynəlxalq arenada mövqeyini gücləndirir Siyasət

Prezidentin Nyu-York səfəri: Azərbaycan beynəlxalq arenada  mövqeyini gücləndirir

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərinə rəsmi işgüzar səfər edib.

Prezident İlham Əliyev səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib.

Dövlət başçısının Nyu-Yorka səfəri, keçirdiyi görüşlərlə bağlı millət vəkilləri fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Azərbaycan yaşıl iqtisadiyyat mərhələsinə keçid dövrünü yaşayır”

Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti Nyu-Yorka səfəri çərçivəsində müxtəlif şirkətlərin sahiblərilə görüşlər keçirib: “Həmin şirkətlər dünyaca məhşur qlobal investisiya şirkətləridir və hər şeydən öncə onu qeyd etmək lazımdır ki, sərmayə, yatırım sabitliyi və sülhü sevdiyi üçün onların Azərbaycan Prezidenti ilə görüşə maraq göstərməsi də təbiidir. Çünki Azərbaycanda həm yaxşı investisiya mühiti var, həm də uzunmüddətli sabitlik mövcuddur və bundan sonra da uzunmüddətli perspektivdə də sabitlik olacaq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan yeni reallıqda tamamilə yeni yaşıl iqtisadiyyat mərhələsinə keçid dövrünü yaşayır. Eyni zamanda, regional logistikanı genişləndirməklə Transxəzər və Şərq-Qərb dəhlizi üzrə ölkəmizin iqtisadi cazibəsi artır. Belə olan halda investorların diqqəti yenidən Azərbaycana yönəlir”.

“BMT özünün asan olmayan dövrünü yaşayır”

O əlavə edib ki, siyasi məsələlərə gəldikdə isə, BMT özünün heç də asan olmayan dövrünü yaşayır: “Hətta bəzən bunu BMT tarixinin böhran illəri kimi də qiymətləndirə bilərik. Çünki BMT-nin gözü qarşısında müharibələr baş verir, Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın müxtəlif yerlərində beynəlxalq və humanitar hüquq pozulur. Ancaq BMT-nin mexanizmləri funksional institut kimi bu proseslərə müdaxilə edə bilmir. Bəzi hallarda BMT-nin strukturlarından irəli gələn formal yanaşmalar bunu mümkün etmir, bəzən də qəbul edilmiş qərarlar icra olunmur”.

“Dövlət başçımızın mövqeyi BMT-nin yenidən təşkilində nəzərə alınmalıdır”

Deputat diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti BMT-nin yenidən təşkili və BMT-də islahatlarla, həmçinin Təhlükəsizlik Şurasının genişləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini səsləndirib: “Hazırkı mərhələdə bu çağırış daha da aktualdır. Ona görə də Azərbaycan Prezidentinin mövqeyi BMT-nin gələcək yenidən təşkilində nəzərə alınmalıdır. Çünki BMT adından göründüyü kimi bütün millətlərin maraqlarını nəzərə alan qərarlar qəbul etməlidir. Sadəcə 5 daimi üzvün təzyiq aparatı kimi başqa dövlətlər üzərində fəaliyyət göstərməməlidir. Ona görə də BMT Baş Assambleyasının 80-ci sessiyasında bu məsələlər mütləq nəzərdən keçirilməlidir və yeni sabit dünya, yeni sülhün əsaslarının yaradılması üçün bu addımların atılması zərurəti var”.

“Səfər diplomatik və iqtisadi baxımdan əhəmiyyətlidir”

Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Nyu-Yorka səfəri Azərbaycan üçün həm diplomatik, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır: “Bu səfər ilk növbədə ölkəmizin beynəlxalq miqyasda görünürlüğünü artırmaq, dünya liderlərinin və böyük maliyyə institutlarının diqqətini Azərbaycana cəlb etmək üçün mühüm fürsətdir. Dövlət başçısının BMT Baş Assambleyasının iclasında iştirakı Azərbaycanın qlobal problemlərin müzakirəsində öz sözünü demək imkanını yaradır, regionumuzdakı geosiyasi balansların izah edilməsi və Azərbaycanın mövqelərinin müdafiəsi üçün geniş tribuna açır. Nyu-York səfəri həm də praktiki nəticələr vəd edir. İlham Əliyevin Brookfield Asset Management-in rəhbəri ilə görüşü, digər beynəlxalq investisiya şirkətləri ilə təmasları Azərbaycanın artıq təkcə neft və qaz ölkəsi kimi deyil, yenilənə bilən enerji, infrastruktur və nəqliyyat-logistika kimi sahələrdə də əməkdaşlıq üçün əlverişli tərəfdaş olduğunu göstərmək məqsədi daşıyır. ABŞ kimi böyük maliyyə mərkəzlərində aparılan bu görüşlər Azərbaycanın gələcəkdə qeyri-neft sektoruna daha çox sərmayə cəlb etmək niyyətinin bariz nümunəsidir”.

“Baş tutan danışıqlar sülh prosesinə beynəlxalq diqqətin yönəldildiyini göstərir”

A.Hüseynovun sözlərinə görə, səfər həmçinin region siyasəti baxımından da diqqət çəkir: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü, böyük güclərin iştirakı ilə baş tutan danışıqlar sülh prosesinə beynəlxalq diqqətin yönəldildiyini göstərir. Bu, Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirmək və bölgədə dayanıqlı sülh üçün beynəlxalq dəstək qazanmaq baxımından əhəmiyyətlidir...”.

“Nyu-York səfəri Azərbaycanın strateji hədəflərinə xidmət edən vacib addımdır”

O həmçinin deyib ki, ümumi mənzərə göstərir ki, Nyu-York səfəri Azərbaycanın strateji hədəflərinə xidmət edən vacib addımdır: “Bu, sadəcə siyasi bəyanatlar səviyyəsində qalmamalı, konkret razılaşmalar, yeni layihələr və real investisiyalarla tamamlanmalıdır. Bu səfər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, iqtisadiyyatın şaxələnməsinə və regionda aparıcı mövqeyinin möhkəmlənməsinə ciddi töhfə verə bilər”.

Azərbaycanın beynəlxalq arenada fəal mövqeyini və diplomatik əlaqələrini daha da gücləndirən səfər

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, bu səfər Azərbaycanın beynəlxalq arenada fəal mövqeyinin və diplomatik əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gəliblər. Sentyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. Bu sessiya beynəlxalq siyasətdə aktual məsələlərin müzakirəsi və dünya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. BMT-nin Baş katibi Antonio Guterreş dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı mənzil-qərargahda rəsmi olaraq qarşılayıb və salamlayıb. Səfər çərçivəsində Prezident İlham Əliyev Nyu-Yorkda "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb. Bu görüş Azərbaycanın iqtisadi sahədə beynəlxalq əməkdaşlığının genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində atılan mühüm addımlardan biridir”.

N.Həmzəyevin fikirlərinə görə, Prezident İlham Əliyevin Nyu-York səfəri mühüm prioritetə malikdir: “Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi sürətlə inkişaf edən iqtisadiyyata malikdir və Prezidentin beynəlxalq görüşlərdə apardığı təbliğat ölkəmizin müsbət imicinin formalaşmasında böyük rol oynayır. Bu səfər Azərbaycan-BMT əlaqələrinin uzun tarixi zəmində baş verir. Prezident İlham Əliyev BMT Baş Qərargahını bir neçə dəfə ziyarət edib. O, 2004-cü ildə BMT Baş Assambleyasının 59-cu sessiyasında, 2010-cu ilin sentyabrında 65-ci sessiyasında və 2017-ci ilin sentyabrında 72-ci sessiyasının açılışında iştirak edib. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olmuş və Azərbaycanın tarixində ilk dəfə olaraq BMT-nin yüksək tribunasından proqram xarakterli nitq söyləyib”.

“Azərbaycan öz mövqeyini dünya ictimaiyyətinə çatdırma imkanı qazanır”

Deputat eləcə də qeyd edib ki, bu səfər Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi, ölkəmizin qlobal proseslərə fəal qatılımının təmin edilməsi və digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: “BMT kimi beynəlxalq təşkilatların platformasından istifadə edərək Azərbaycan öz mövqeyini dünya ictimaiyyətinə çatdırma imkanı qazanır. Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayının 5000-dən çox olması ölkəmizin beynəlxalq əlaqələrinin genişliyini və dərinliyini göstərir. Bu cür səfərlər Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır”.

Röya İsrafilova