

“Fransada müsəlman icmasının artan sosial-siyasi təsiri hökuməti daha balanslı mövqe nümayiş etdirməyə vadar edir. Həm də qlobal imic formalaşdırır. Paris beynəlxalq hüquqa və iki dövlətli həll prinsiplərinə sadiqliyini nümayiş etdirərək “ədalətli oyunçu” obrazını möhkəmləndirməyə çalışır”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
Onun sözlərinə görə, burada əsas məsələ İsrail və ABŞ-nin reaksiyasının necə olmasıdır: “İsrail hökuməti Fransanın bu addımını kəskin tənqid edərək qərarın “sülh prosesinə zərbə” olduğunu bildirib. ABŞ isə açıq təzyiq göstərməsə də, Fransa ilə yanaşmanın fərqliliyini vurğulayıb. Bu, Qərb blokunda Fələstin məsələsinə dair parçalanmış mövqelərin mövcudluğunu bir daha təsdiqləyir. Bu siyasi prosesdə Yaxın Şərqdə siyasi balans ən önəmli amillərdəndir”.
E.Telmanoğlu diqqətə çatdırıb ki, Fələstinin tanınması Qəzza və İordan çayının qərb sahilində gərginliyi birdən-birə azaltmayacaq: “Lakin diplomatik legitimliyin güclənməsi, beynəlxalq təşkilatlarda Fələstin tərəfinin mövqeyini gücləndirəcək. Bu isə uzunmüddətli perspektivdə İsrailin danışıqlara məcbur edilmə ehtimalını artırır. Son nəticədə Fransanın Fələstini tanıması sadəcə rəmzi addım deyil, beynəlxalq münasibətlərdə yeni reallıqların formalaşmasının göstəricisidir. Bu qərar Avropada “iki dövlətli həll” modelini dəstəkləyən siyasi iradənin artdığını göstərir. Qarşıdakı dövrdə Fransa və digər Avropa ölkələrinin bu istiqamətdə konkret diplomatik təşəbbüslərlə çıxış etməsi Yaxın Şərq münaqişəsinin gələcəyinə ciddi təsir göstərə bilər”.
Röya İsrafilova