

İtaliya Azərbaycanın xarici siyasətində xüsusi önəm kəsb edən ölkələrdən biridir. Avropa İttifaqına (Aİ) üzv dövlətləri arasında Azərbaycanın ən mühüm siyasi, iqtisadi və ticarət tərəfdaşı olan bu ölkə ilə münasibətlərimizin səviyyəsi, eyni zamanda, Azərbaycanın Aİ ilə əlaqələrinə nümunə olaraq göstərilə bilər.
Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə davamlılığın göstəricisi kimi yadda qaldı. Azərbaycan və İtaliya Prezidentlərinin həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərində, eləcə də mətbuata birgə bəyanatlarında ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyi, qarşılıqlı etimad, əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndiyi vurğulandı.
Geniş tərkibli görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi mövcuddur. Birincisi 2015-ci ildə, ikincisi isə beş il öncə imzalanmışdır. Ötən illər ərzində münasibətlər sürətlə və müxtəlif istiqamətlərdə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi ildən-ilə artır. Energetika sahəsində çoxsaylı mühüm layihələr icra olunub. Azərbaycan nefti və qazının İtaliyaya ixracı vasitəsilə ölkəmiz öz təbii resurslarını dünya bazarlarına geniş həcmdə çatdırır və bir çox ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Azərbaycanla İtaliya arasında sıx mədəni, siyasi və iqtisadi əlaqələrin əsası isə Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub. 1997-ci ilin sentyabrında Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün mühüm addım oldu. Səfər nəticəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Məhz həmin tarixi səfərdən sonra qarşılıqlı münasibətlər artan dinamika ilə inkişaf etməyə başladı.
İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri isə əlaqələrimizin inkişafında xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin fevralında isə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri baş tutdu. Səfər çərçivəsində siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və digər sahələri əhatə edən 28 sənəd imzalandı. Roma şəhərində imzalanan "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" xüsusi qeyd olunmalıdır.
2022-ci ilin sentyabrında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri də geniş gündəmlə keçdi. Romada Azərbaycan Səfirliyinin yeni binası açıldı, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyənləşdirildi, ADA Universiteti ilə İtaliyanın aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlıq sazişləri imzalandı.
4 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə Romaya növbəti işgüzar səfəri gerçəkləşdi. Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" mövzusunda çıxış edən dövlət başçımızın səfəri İtaliya mətbuatında və akademik çevrələrdə xeyli müzakirə olundu.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizinin işə salınması və inkişafı İtaliya ilə strateji əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artmasına töhfə verib.
Prezident Mattarellanın 2018-ci il səfərindən sonra TAP layihəsinin həyata keçirilməsində şəxsən göstərdiyi dəstək nəticəsində layihə uğurla tamamlandı. 2020-ci ildən etibarən bu layihə vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz tədarük edir. Boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdə dayanır.
Bundan əlavə, Azərbaycan Aİ-yə elektrik enerjisinin ixracı üzrə yeni böyük layihə üzərində işləyir. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır. Xəzərin dibi ilə Mərkəzi Asiyadan Azərbaycana və oradan Avropa məkanına ötürüləcək elektrik enerjisi əməkdaşlığın həcmini daha da artıracaq.
Mədəni əlaqələrdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombları xüsusi əhəmiyyət kəsb edir. Vatikanda Fondun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması və gələcək nəsillərə saxlanması istiqamətindəki fəaliyyəti beynəlxalq mədəni ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
İtaliya Prezidentinin Azərbaycana səfərində İtaliya-Azərbaycan Universitetinin açılışı tarixi hadisə oldu. Universitetin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi ‒ Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalandı.
Universitetin binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102 nəfər isə magistr səviyyəsində təhsil alır. İxtisasların üçü ikili diplom proqramıdır. Bu layihə humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, İtaliya təcrübəsindən istifadə edərək Azərbaycan təhsilinin inkişafına mühüm töhfədir.
Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıqdan daha geniş, hərtərəfli əməkdaşlığa doğru inkişaf edir. Enerji təhlükəsizliyindən tutmuş təhsil və mədəniyyətə qədər bütün sahələri əhatə edən bu əməkdaşlıq hər iki ölkənin və bölgənin rifahına xidmət edir.
Ramid Namazov
Milli Məclisin deputatı