Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni Amerika Birləşmiş Ştatlarına səfəri davam edir Siyasət

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni Amerika Birləşmiş Ştatlarına səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Yuta ştatında səfərdədir.

Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Allahşükür Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Müraciətdə şeyxülislam A. Paşazadə ABŞ-ın Yuta ştatının ictimaiyyətinə və din xadimlərinə Azərbaycanın multikultural dəyərlər ölkəsi kimi salamlarını çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası həmrəyliyin dünyada nümunəvi modelə çevrildiyini vurğulayıb.

QMİ sədri ABŞ və Azərbaycanın dini konfessiyaları arasında dostluq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, qarşılıqlı səfərlərin və birgə layihələrin xalqlarımızın mənəvi yaxınlaşmasına xidmət etdiyini bildirib. O, həmçinin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olmasını yüksək dəyərləndirib.

Müraciətdə Azərbaycan xalqının ABŞ-ın ölkəmizin ərazi bütövlüyü və regionda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb. Şeyxülislam xüsusilə avqustun 8-də Vaşinqton Zirvə görüşünü və Prezident Donald Trampın bu istiqamətdəki şəxsi səylərini təqdir edib.

QMİ sədri Stirlinq Fonduna Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi təşəbbüsünə verdiyi humanist dəstəyə görə xalqımız və dini konfessiyalar adından minnətdarlığını bildirib.

Allahşükür Paşazadə Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfə verən “Bakı Prosesi”, eləcə də 2010-cu və 2019-cu illərdə keçirilmiş Dünya dini liderlərinin sammitləri, 2024-cü ildə COP29 çərçivəsində təşkil olunan Dini liderlərin zirvə görüşü barədə məlumat verib.

O qeyd edib: “Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada müxtəlif dinlərin nümayəndələri tarixən qarşıdurma olmadan, bərabərlik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva multikulturalizmin dünya miqyasında təbliği sahəsində həyata keçirdiyi nəcib fəaliyyətlə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsinə mühüm töhfə verir”.

Qurultay çərçivəsində Kilsənin mərhum rəhbəri, prezident Rassel Nelsonun xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

Səfər çərçivəsində QMİ sədri Yuta Ştatı Senatının sədri Adam Stüart ilə də görüşüb. Görüşdə Azərbaycan haqqında xoş sözlər səsləndirilib, ölkəmizin multikultural həyat tərzi yüksək qiymətləndirilib.

Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə də iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.