

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcək mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Bu fikirləri deputat Vüqar İsgəndərov Xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.
Millət vəkilinin sözlərinə görə, görüşdə Rusiya lideri hərbi təyyarə qəzası ilə bağlı məlumatları ölkə başçımıza çatdırıb, hadisə ilə əlaqədar təəssüfünü və üzrxahlığını ifadə edib: "O, məsul şəxslərin mütləq cəzalandırılacağını və zərərçəkənlərə kompensasiya təmin olunacağını vurğulayıb. Hazırda istintaqın davam etdiyini, yekun nəticələrdən sonra bütün məsələlərin tam şəkildə öz həllini tapacağını qeyd edib. Deputat əlavə edib ki, Prezident İlham Əliyevin bu yanaşmaya görə Rusiya tərəfinə təşəkkürünü bildirməsi və gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi hər iki ölkənin ictimaiyyətində müsbət qarşılanıb.
Vladimir Putinin Azərbaycan və Rusiya arasında mövcud müttəfiqlik sazişinə sadiqliyini xatırlatması və onun müddəalarının icrasının davam edəcəyini bəyan etməsi, eləcə də siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdiriləcəyinə dair açıqlamaları region üçün yeni perspektivlər açır".
Deputat qeyd edib ki, müəyyən dövrlərdə Rusiya mediasında, bəzi siyasi icmalçılar, jurnalistlər və qərəzli dairələr tərəfindən iki ölkə arasındakı münasibətləri zədələməyə yönələn cəhdlər baş tutmadı:
“Bu görüş bir daha göstərdi ki, Azərbaycan və Rusiya arasında münasibətlər daxili və xarici təxribatlara rəğmən strateji əsaslar üzərində qurulub. İki dost və qonşu ölkənin gələcək əməkdaşlığı yüksələn xətlə davam edəcək. Qarşılıqlı faydalılığa əsaslanan əməkdaşlıq siyasəti həm regionda sabitliyin qorunmasına, həm də ortaq maraqların irəli aparılmasına töhfə verəcək.İnanırıq ki, bundan sonra da hər iki tərəf əməkdaşlığı daha da inkişaf etdirəcək və əməkdaşlıq fəaliyyətləri yeni mərhələyə qədəm qoyacaq”.
Günel Elxan