“Burada kilsəyə qarşı təzyiq yox, konkret şəxslərin məsuliyyəti məsələsi görünür” Siyasət

“Burada kilsəyə qarşı təzyiq yox, konkret şəxslərin məsuliyyəti məsələsi görünür”

"Ermənistanda beş yüksək vəzifəli keşişin İstintaq İdarəsinə çağırılması, o cümlədən katolikos II Qareqinin qardaşı oğlu yepiskop Mkrtıç Proşyanın da bu siyahıda yer alması ölkə ictimaiyyətində geniş rezonans doğurub. “Müqəddəs Eçmiədzin” monastır kompleksinin yaydığı bəyanatda bildirilir ki, bu addımlar “kilsəyə qarşı sistematik kampaniyanın və din azadlıqlarının pozulmasının tərkib hissəsidir”.
Baş nazir Nikol Paşinyan isə ittihamları rədd edərək bəyan edib ki, “kilsə və yepiskop eyni şey deyil” və hüquq-mühafizə orqanlarının fəaliyyəti “müstəqil istintaq tədbirləridir, heç bir siyasi motiv daşımır”.

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, hadisəni ümumi şəkildə “kilsəyə qarşı təzyiq” kimi qiymətləndirmək düzgün olmaz: “Əlbəttə, bu məsələni hər hansı dini və ya siyasi mübarizə kontekstində təqdim etmək doğru deyil. Söhbət, görünür, ümumilikdə kilsə institutundan yox, konkret şəxslərin hüquqi məsuliyyətindən gedir. Biz istintaqın detalları barədə tam məlumata malik olmadığımız üçün hansı tərəfin haqlı olduğunu söyləmək çətindir.”

Deputat hesab edir ki, Ermənistanın daxili siyasətində baş verən proseslər daha dərindən analiz olunmalıdır:
“Paşinyanın açıqlaması bu məsələdə daha məntiqli görünür. O açıq şəkildə deyir ki, kilsənin fəaliyyətinə hər hansı inzibati maneə yoxdur. Əgər bəzi kilsə nümayəndələri qanunsuz fəaliyyətlə məşğul olublarsa, bunun hüquqi müstəvidə araşdırılması tamamilə normaldır".

Fazil Mustafa əlavə edib ki, eyni prinsip bütün dini qurumlara şamil edilməlidir:
“Bu, yalnız kilsəyə aid məsələ deyil. Oxşar hal məsciddə və ya hər hansı digər dini xeyriyyə cəmiyyətində də baş verə bilər. Əsas olan, dini fəaliyyətin qanuni çərçivədə həyata keçirilməsidir. Qanunun aliliyi bütün dini və ictimai institutlar üçün eyni dərəcədə keçərlidir.”

Günel Elxan