11:36
630
Mehriban Əliyevanın Vatikana rəsmi səfəri Azərbaycanın müasir, humanist və tolerant cəmiyyət obrazının möhkəmləndirilməsinə böyük töhfədir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov bildirib.
Deputat deyib ki, 5-ci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsindən sonra Azərbaycan regionda “post-münaqişə dövrü diplomatiyası” həyata keçirir: “Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt sülhü yalnız imzalanmış sazişlərlə deyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri ilə möhkəmləndirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikana bir neçə gün öncə həyata keçirilmiş rəsmi səfəri də Azərbaycanın yalnız siyasi yox, həm də mədəni-dini platformalar üzərindən sülh diplomatiyası qurduğunu göstərir. Bu səfəri mühüm tarixi hadisə kimi qiymətləndirməyə əsas verən amillərdən biri mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarının praktiki təbliği baxımından əhəmiyyətidir. Səfər çərçivəsində görüşlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilmiş bərpa işlərinin yüksək qiymətləndirildiyi xüsusi olaraq vurğulandı. Roma Papası XIV Leo Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini xüsusi olaraq vurğuladı. Bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd etdi. Eyni zamanda Bakı şəhərində ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı qərara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində böyük əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq yekunlaşdırılıb. Səfər bir daha təsdiq etdi ki, Azərbaycan dünyada tolerantlıq və dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir. Mehriban xanım Əliyevanın Vatikana rəsmi səfəri Azərbaycanın müasir, humanist və tolerant cəmiyyət obrazının möhkəmləndirilməsinə böyük töhfədir. Eyni zamanda Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüslərinin müəllifi olan bir ölkə kimi Cənubi Qafqazda sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərpasında fəal rol oynadığını təsdiq edir”.