Gürcü vitse-spiker: Azərbaycan-Ermənistan danışıqlarının uğurla yekunlaşacağına ümid edirik Siyasət

Gürcü vitse-spiker: Azərbaycan-Ermənistan danışıqlarının uğurla yekunlaşacağına ümid edirik

“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının uğurla başa çatacağına ümid edir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Ermənistan parlamentinin Elm, təhsil, diaspora, idman və gənclər komitəsinin rəhbəri Sisak Qabrielyanla görüşdən sonra deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında ABŞ-ın dəstəklədiyi danışıqlar prosesi Cənubi Qafqazda sülhün bərqərar olması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri və əməkdaşlığın inkişafı imkanları müzakirə olunub. Tərəflər təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin rəhbəri Mariam Laşxi də Qabrielyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Laşxi görüşdən sonra bildirib ki, Ermənistan parlamentariləri görüşdə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması prosesində Gürcüstanın verdiyi töhfəyə görə minnətdarlıq bildiriblər. Komitə sədri qeyd edib ki, görüşdə həmçinin gələcəkdə üçtərəfli əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.