“ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrə önəminin əsas səbəbi Azərbaycanın müəllifi olduğu yeni regional münasibətlər sistemidir” Siyasət

“ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrə önəminin əsas səbəbi Azərbaycanın müəllifi olduğu yeni regional münasibətlər sistemidir”

“Tramp administrasiyasının Amerikanın Cənubi Qafqaz siyasətində ciddi redaktələr etdiyini aydın şəkildə müşahidə etmək mümkündür. Xüsusilə də, regionun əsas güc mərkəzi olaraq Azərbaycan ilə əlaqələrə verilən önəm ABŞ-nin Cənubi Qafqaz siyasətindəki bu redaktələrin başlıca istiqamətlərini formalaşdırır. Heç şübhəsiz ki, ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən formalaşdırılan sülh gündəliyi rəsmi Vaşinqton tərəfindən açıq və konkret şəkildə dəstəklənir. Düşünürəm ki, ABŞ-nin xarici siyasətində son zamanlarda Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrə verilən xüsusi önəmin əsas səbəbi məhz Azərbaycanın müəllifi olduğu yeni regional münasibətlər sistemidir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

A.Qurbanovanın sözlərinə görə, uzun illərdir ki, dağıdıcı ideologiyaların və işğalçılıq siyasətinin hədəfi olan Cənubi Qafqaz bu gün sülh və sabitliklə bağlı yeni model yaradıb, eləcə də qlobal aktorlar üçün geostrateji önəm kəsb edən bölgəyə çevrilib: “Məhz bu baxımdan yanaşdıqda rəsmi Vaşinqtonun Azərbaycan tərəfindən yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması və çoxtərəfli əməkdaşlıq imkanlarının dəyərləndirilməsi istiqamətində atılan addımları dəstəkləməklə sülh prosesinin önəmli tərəfdaşlarından birinə çevrildiyini aydın şəkildə ifadə etmək olar. Bu isə öz növbəsində Ermənistanın Azərbaycan, eləcə də paralel şəkildə Türkiyə ilə davam edən normallaşma prosesi çərçivəsində götürdüyü öhdəliklərinin icrası ilə bağlı mütləq təsir imkanlarına malikdir”.

O həmçinin deyib ki, ABŞ Vaşinqton sazişinə əsasən kommunikasiyaların açılması ilə bağlı əldə olunmuş razılıqların həyata keçirilməsində əsas maraqlı tərəflərdən biri kimi çıxış edir: “Nəticə etibarilə, ABŞ-nin sülh prosesinə qoşulması sülhün davamlılığının təmin edilməsi üçün müsbət təsir imkanlarını artırmaqla yanaşı, çoxtərəfli regional münasibətlər sistemi çərçivəsində qüvvələr balansının aydın təzahürü kimi də ifadə edilə bilər”.

Röya İsrafilova