Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində əməkdaşlıq proqramı imzalanıb Siyasət

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində əməkdaşlıq proqramı imzalanıb

Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib.

Ədliyyə Nazirliyindən verilən xəbərə görə, konfrans çərçivəsində nazir Fərid Əhmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Vəlid bin Məhəmməd bin Saleh Əl-Samni ilə görüşüb. Görüş zamanı ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə hüquq və ədliyyə sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər, həmçinin ədliyyə sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Əməkdaşlıq Proqramını imzalayıblar. Proqram qeydiyyat, notariat və digər ədliyyə orqanlarında görüşlərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi, tədris müəssisələri arasında birgə tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.

Qeyd edilib ki, 23-24 noyabr tarixlərini əhatə edən konfrans ümumilikdə 40-dan çox ölkədən yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və alimlərin iştirakı ilə keçirilib. Tədbirdə ədliyyə və məhkəmə sistemlərində texnologiyaların gələcəyi, rəqəmsal transformasiya və süni intellektin tətbiqi, qanunvericilik sahəsində müasir yanaşmalar, alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində əməkdaşlıq proqramı imzalanıb