23:06
378
Niyaməddin Orduxanlı: “Biz İranı da türk dövləti hesab edirik”
“Azərbaycan hər zaman İran dövləti ilə normal, ikitərəfli və qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olub. Biz İranı da türk dövləti hesab edirik. Zəngəzur dəhlizinin açılması İran iqtisadiyyatına da töhvə verəcək”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Baş katibi Niyaməddin Orduxanlı “Yeni Müsavat”a açıqlamasında İranda fəaliyyət göstərən anti-Azərbaycan qrupunun əsas üzvlərindən olan Əhməd Kazeminin Azərbaycan əleyhinə fəaliyyətinə münasibət bildirərkən deyib.
O, cənub qonşumuzu Azərbaycanın hərbi qüdrətindən narahat olmamağa çağırıb: “Əhməd Kazemi böyük səhvə yol verir və qərəzlidir. Hansı təhlükədən söhbət gedə bilər? On illərdir Amerikanın ağır sanksiyalarına məruz qalan, əhalisinin böyük hissəsi yoxsulluq səviyyəsindən aşağı yaşayan İran dövlətinə Zəngəzur dəhlizinin açılması quru yolla böyük ticari əlaqələr yaradacaq. Çox təəssüf ki, İran molla rejiminin nümayəndələri hələ də Azərbaycanın inkişafını, güclənməsini, qüdrətlənməsini ölkələri üçün təhdid kimi qəbul edirlər. 5 illik paradımızda Azərbaycanın hərbi qüdrətinin bir daha nümayiş etdirilməsi İran rəsmilərini narahat etməməlidir. Biz tək İsrail dövləti ilə deyil, qardaş Türkiyə, Pakistan, İtaliya, Belarus, Çin və o cümlədən də Rusiya ilə hərbi əməkdaşlıq edirik. İranın həmin dairələri niyə unudurlar ki, 30 ildən artıqdır ki, müsəlman məscidlərini dağıdan və donuz saxlayan Ermənistana hər cür dəstəyi verən İran dövlətidir.
Qarabağda vaxtilə “Ohanyan səddi”ni tikən və buna görə Ermənistana milyonlarla ton sement verən İran deyildimi? Qarabağın bütün daşını, kəsəyini söküb İrana aparan kim idi?".