Ceyhun Bayramov “Aspen Institute Italia”da təşkil olunan dəyirmi masada iştirak edib Siyasət

Ceyhun Bayramov “Aspen Institute Italia”da təşkil olunan dəyirmi masada iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində “Aspen Institute Italia”da təşkil olunan yüksək səviyyəli dəyirmi masada iştirak edib.

Xalqcebhesi.az xəbər verir ki, tədbirdə naziri “Aspen Institute Italia”nın sədri və İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı İşləri Komitəsinin rəhbəri Culio Tremonti, eləcə də institutun fəxri sədri, Konstitusiya Məhkəməsinin sabiq prezidenti Culiano Amato qarşılayıb.

Dəyirmi masa “Aspen Institute Italia”nın Avropa məsələləri üzrə baş direktoru Marta Dassunun moderatorluğu ilə keçirilib. Müzakirələrə ictimai-siyasi xadimlər, iş adamları, akademiklər və iri şirkət rəhbərləri qoşulublar.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarına Azərbaycan–İtaliya strateji tərəfdaşlığının əsas istiqamətləri, regional təhlükəsizlik məsələləri, enerji sahəsində əməkdaşlıq, nəqliyyat və kommunikasiya layihələri, həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə dəyişən geosiyasi dinamika barədə məlumat verib.

Daha sonra interaktiv sual-cavab sessiyası keçirilib. Burada qlobal və regional geosiyasi çağırışlar, Azərbaycanın sülh gündəliyi, həmçinin analitik və akademik əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.