Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib Siyasət

Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib

8-9 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Sədri Piter de Ruver (Peter De Roover), Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Piter Klaes (Peter Claes), Belçika Baş nazirinin Ofisinin Xarici İşlər və Təhlükəsizlik üzrə Aparat rəhbəri Paskal Heyman və Belçika Xarici İşlər Nazirliyinin İkitərəfli Məsələlər üzrə Baş direktoru Birqit Stivens (Birgit Stevens) ilə geniş tərkibli görüşlər keçirib.
Görüşlər çərçivəsində Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib, gələcək inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran prioritet istiqamətləri müzakirə edib. Xüsusi diqqət yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, davamlı siyasi məsləhətləşmələrin aparılması və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə yönəldilib.
Həmçinin, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıq imkanlarını, birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini, regional və qlobal əhəmiyyətli təşəbbüslərin dəstəklənməsi imkanlarını müzakirə edib.
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt barədə tərəf müqabillərini məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarını sülh quruculuğu prosesinə mümkün töhfələr barədə istiqamətləndirib.
Görüşlər zamanı tərəflər dayanıqlı inkişaf, yaşıl keçid, bərpa olunan enerji kimi sahələrdə əməkdaşlıq, ticarət dövriyyəsinin gücləndirilməsi, humanitar sahələrdə birgə fəaliyyətin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində konkret addımların atılması imkanlarını qiymətləndirib.
Parlament diplomatiyasının gücləndirilməsi ikitərəfli münasibətlərin dayanıqlı inkişafının əsas komponentlərindən biri kimi qiymətləndirilib. Tərəflər yalnız hökumətlərarası dialoqun deyil, eyni zamanda parlamentlərarası əməkdaşlığın da ölkələr arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə və konkret sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb. Bu çərçivədə, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Sədri Peter De Roover ilə keçirilmiş görüşdə hər iki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün atıla biləcək konkret addımlar müzakirə edilib.
Görüş zamanı tərəflər parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili, dostluq qruplarının fəaliyyətinin bərpa edilməsi və əməkdaşlıq proqramlarının hazırlanması kimi məsələlərə toxunublar.

E.Əmirbəyov, həmçinin səfər çərçivəsində Avropa Komissiyasının Prezidentinin diplomatik müşaviri Saymon Mordü (Simon Mordue), Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini və Avropa üzrə icraçı direktor Matti Maasikas və Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktorunun müavini Adrien Kirali (Adrienn Kiraly) ilə görüşlər keçirib.
Aİ rəsmiləri ilə görüşlərdə Azərbaycan – Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər, regional nəqliyyat bağlantılarının formalaşdırılması və Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. 2025-ci ilin Aİ-Azərbaycan münasibətləri baxımından müsbət dinamika ilə səciyyələndiyi, növbəti aylar ərzində bu dinamikanın qorunub saxlanması və daha da inkişafının vacibliyi vurğulanıb.
Həmçinin, dekabrın əvvəlində qəbul olunmuş Aİ - Ermənistan Tərəfdaşlığı üzrə Strateji Gündəlik adlı sənədlə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığı müqabil tərəflərin diqqətinə çatdırılıb, regiondakı mövcud reallığı əks etdirməyən və artıq tərəflər arasında müzakirə mövzusu olmayan məsələlərin süni şəkildə təkrar gündəliyə çıxarılması cəhdləri regional sülh gündəliyinə və Azərbaycan-Aİ münasibətlərinə zərər vuran addım kimi qiymətləndirilib.
Bununla belə, Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımların atılacağı barədə ümid ifadə edilib.
NATO Baş katibinin müavin köməkçisi, NATO-nun Cənubi Qonşuluq üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina ilə görüşdə Elçin Əmirbəyov NATO–Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə etdi. Hər iki tərəf davam edən intensiv və konstruktiv ikitərəfli siyasi dialoqdan dərin məmnunluqlarını ifadə edərək, praktiki qarşılıqlı fəaliyyət və tərəfdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsinin artan əhəmiyyətini vurğuladılar. Avqust ayında Vaşinqton Sammitində əldə olunmuş razılaşmaların icrası və Azərbaycanın regional sülhün, sabitliyin və təhlükəsizliyin daha da gücləndirilməsi istiqamətində ardıcıl səyləri barədə məlumatlandırılan NATO-nun yüksək vəzifəli rəsmisi Azərbaycanın və onun rəhbərliyinin NATO tərəfindən tam şəkildə dəstəklənən sülh ruhunun möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirdi.

Səfər çərçivəsində, Elçin Əmirbəyov eyni zamanda EU Reporter, The Brussels Times, The Belgian Times kimi nüfuzlu media qurumlarına müsahibə verib.