15:24
616
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni Fəaliyyət Planı təsdiqlənəcək.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, Komissiyanın iclaslarında qəbul edilən qərarlar, onların icrası əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı baxımından böyük əhəmiyyət kəsb edir: “2024-cü ildə Ankarada imzalanmış Fəaliyyət Planı Hökumətlərimizin birgə səyləri nəticəsində əsasən icra edilib. 120 bənddən ibarət Fəaliyyət Planı 78% icra edilib (93 bənd). İcrası qalan bəndlər isə yeni Fəaliyyət Planında öz əksini tapacaq. Zamanın çağırışlarını nəzərə alaraq Fəaliyyət Planına mütəmadi olaraq yeni müddəalar əlavə olunur. Bu gün də tərəfdaşlığımızın bütün aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqləyəcəyik. Ümidvaram ki, yeni müddəaların icrası əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək. Sabah isə 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu baş tutacaq. Sevindirici haldır ki, bu tədbir artıq investisiya axınlarının artırılması üçün mühüm mexanizmə çevrilməkdədir”.