Prezident: Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə strateji tərəfdaşlığımızdır - YENİLƏNİB Siyasət

Prezident: Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə strateji tərəfdaşlığımızdır - YENİLƏNİB

Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib.

APA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib.

Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlətimizin başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını qeyd edib. “Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

***

21:26

Hesab edirəm ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər.

APA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Çinin dünyada aparıcı ölkələrdən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.