
“Prezident İlham Əliyevin ənənə halına gətirərək ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibəsi sadəcə ötən dövrün dəyərləndirilməsinə imkan vermir, eyni zamanda, ölkəmizin qarşıdakı dövr üçün daxili və xarici siyasətinin əsas konturlarını özündə ehtiva edir. Bu mənada Prezidentin çıxışları qlobal, regional və milli məsələlərə dair prioritetləri müəyyən etməyə imkan verərək dövlət hakimiyyəti orqanları üçün direktivlər və tapşırıqlar olaraq dəyərləndirilə bilər. Prezidentin xarici siyasət istiqaməti üzrə çıxışında əks olunan qarşıdakı dövr dövlət siyasətinə dair əsas tezislər: Azərbaycanda sülh dövrünün bərqərar olması, yeni dövrün geosiyasi şəraitində yeni əməkdaşlıqlar, o cümlədən ABŞ ilə strateji xarakter alan münasibətlər fonunda 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi, qlobal aktorlara balanslı münasibət yaradılması çərçivədə Çinlə hərtərəfli strateji tərəfdaşlıqdan irəli gələn layihələrin həyata keçirilməsi, 30 ildir mövcud olan D8 təşkilatına ilk dəfə məhz Azərbaycanın üzv qəbul olunması ilə platformanın D9-a transformasiyası və qarşıdakı dövrdə bu təşkilatda aktiv iştirakımızın təmin olunması, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz və C5-in C6-a çevrilməsi, ölkəmizin dünyanın iki qütbü arasında canlı körpüyə çevrilməsi - sadəcə yüklərin deyil, eyni zamanda, enerji daşınması üçün körpü – belə ki, indiyədək Şərq və Qərb arasında nəqliyyat körpüsü yaradan ölkəmiz bundan sonrakı mərhələdə elektrik enerjisinin Xəzər dənizi vasitəsilə ötürülməsinə imkan yaradacaq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Ş.Cəlilzadə əlavə edib ki, bunun hüquqi təməli kimi Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsinə dair Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzaladıqları saziş qeyd oluna bilər: “Bu və digər Trans-Xəzər enerji layihələri (elektrik və gələcəkdə ola bilsin neft-qaz) Mərkəzi Asiyanın geosiyasi taleyini tamamilə dəyişdirəcəkdir. Bu, həm də türk dünyasının dünya miqyasında siyasi çəkisinin artmasına xidmət edəcəkdir. Cənab Prezident öz çıxışında TDT çərçivəsində mədəni-siyasi birliyin qarşıdakı dövrdə hərbi əməkdaşlıqla daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsini gözlədiyini bildirdi. Azərbaycanın qlobal miqyasda canlı körpü rolunun artmasında Zəngəzur dəhlizinin rolundan bəhs edən Prezident bunun sadəcə Şərq-Qərb istiqamətində deyil, eyni zamanda, Şimal-Cənub istiqamətində bağlayıcılıq qabiliyyətinin olacağını, o cümlədən qlobal maraqların toqquşmasına deyil, əksinə, uzlaşmasına xidmət edəcəyini, əməkdaşlıqda maraqlı olan bütün tərəflərin bundan faydalana biləcəyini vurğuladı. Bununla yanaşı, Ermənistanda dəhlizin açılması istiqamətində işlərə hələ başlanmadığı üçün bu istiqamətdə ölkə daxilində işlərin tamamlanmasına tələsmədiyimizi diqqətə çatdırdı. Halbuki, quru yolu 95%, dəmir yolu 70% demək olar ki, hazırdır”.
O vurğulayıb ki, ölkəmiz üçün bütün bunların əsas faydası isə nəhəng investisiya axışları, qlobal imicimizin, təsiretmə imkanlarımızın yüksəlməsidir: “Bununla belə, Azərbaycan öz təsir imkanlarından yalnız praqmatik maraqları çərçivəsində istifadə edəcək. Cənab Prezidentin Qəzzadakı “sülhməramlı” əməliyyatda ölkəmizin iştirak etməyəcəyi ilə bağlı açıq mövqeyi məhz bu çərçivədə qiymətləndirilə bilər. O, bu açıqlaması ilə həm də ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin “Azərbaycan Qəzzadakı sülhməramlı əməliyyatda iştirak etməyə razılıq verib” kimi açıqlamasının yanlışlığına da beynəlxalq diqqəti cəlb etmiş oldu”.
Röya İsrafilova