“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15

2026-cı ilin ilk günlərində Azərbaycan yeni enerji strategiyasına daha bir qürurverici hadisəni yazdı. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) istifadəyə verilməsi ölkəmizin enerji tarixində yeni əlamətdar hadisə hesab edilə bilər. Stansiyanın rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin bəyan etdi ki, 240 meqavat gücündə olan bu stansiyanın fəaliyyətə başlaması ölkəmizin enerji potensialını gücləndirəcək və ümumi inkişafına töhfə verəcək.
“Xızı-Abşeron” KES Azərbaycanın yaxın tərəfdaşı olan dövlətlərlə – Səudiyyə Ərəbistanı Krallığı və Çin Xalq Respublikası ilə birlikdə ərsəyə gətirdiyi nəhəng enerji layihəsi, “yaşıl enerji” gündəliyinin yeni səhifəsidir. Bu hadisə, dünyanın nüfuzlu investorları olan “ACWA Power” və “Power China” ilə Azərbaycanın yeni enerji həmrəyliyinin nümunəsidir.
Yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm də məsuliyyətli bir prosesdir. Xüsusilə də bərpaolunan enerji növlərinin enerji sisteminə inteqrasiyası iritutumlu sərmayə və böyük peşəkarlıq tələb edir. Bu baxımdan, dörd il ərzində qarşılıqlı fəal investisiya əməkdaşlığı sayəsində bu bərpaolunan stansiyanın istismara buraxılması dövlətimizin yürütdüyü iradəli siyasətin növbəti uğuru, yerli energetika korpusumuzun yorulmaz əməyinin bəhrəsidir.
Son 20 il ərzində generasiya güclərini dayanmadan artıran Azərbaycan əvvəlki illərlə müqayisədə təxminən üç dəfə artıq potensial formalaşdıraraq təxminən 10 min meqavata bərabər dayanıqlı bloklar, enerji təhlükəsizliyi sistemi qurub. Bu, tarixi rekorddur. Təkcə ötən il istifadəyə verilən Mingəçevirdəki iki min meqavata bərabər yeni elektrik stansiyası ölkəmizin fasiləsiz və etibarlı enerji təchizatı ilə yanaşı, xarici dövlətlərin də təminatlarında həlledici rol oynaya bilər.
Son illərdə bərpaolunan enerji infrastrukturlarının qurulmasına daha çox diqqətin cəlb edilməsi, xarici şirkətlərlə bu istiqamətdə nəhəng investisiya koalisiyasının yaradılması isə təmiz enerjiyə keçid strategiyasınıntələblərindən, “Energy Grid” hədəflərindən irəli gəlir.
“Xızı-Abşeron” layihəsi bu nöqteyi-nəzərdən “yaşıl enerji”nin istehsalı və tədarükü yolunda qətiyyətlə addımlayan Azərbaycanın növbəti bərpaolunan enerji stansiyalarının inşasına da yaşıl işıq yandırır, xarici biznes icmasının bu sahəyə cəlb edilməsini motivə edir, uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini möhkəmləndirir.
Cənab Prezidentin əminliklə söylədiyi kimi, “bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar”. Azərbaycanın təmin etdiyi münbit və sağlam investisiya mühiti çox sağlamdır, dövlətxarici sərmayələri daim qoruyur, “sözümüz imzamız qədər dəyərlidir və qanunidir”.
Bütün bunların kontekstində coğrafi vəziyyətinə görə digər əlverişli bölgələrdə, o cümlədən Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji növlərinin istehsalına geniş imkanlar yaranmaqdadır. Eləcə də təkcə külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsində olan Xəzər dənizinin ekosistemi təmin enerji potensialına cəlbediciliyi artırır.
Azad ərazilərdə tətbiq edilən vergi-gömrük, sosial güzəştlər, iqtisadi stimullar isə bu bölgəyə daha böyük maraq yaradır. Bu ərazilərdə icrasına başlanmış layihələr, Cəbrayıl rayonunda hazırda ümumi potensialı 340 meqavata bərabər olan üç günəş elektrik stansiyasının inşası onu təsdiqləyir ki, xarici investorların Azərbaycana etibar və etimadı daha da güclənir. Bu qarşılıqlı inam və fəal investisiya platforması növbəti illərdə ölkəmizdə külək, günəş elektrik stansiyalarının, digər alternativ enerji infrastrukturlarının tikintisində yeni körpünün salınacağını şərtləndirir.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşasının xarici şirkətlərlə çərçivə sazişlərində imzalanması nəzərdə tutulur.
Eləcə də “yaşıl enerji”ni saxlamaq üçün Batareya Enerji Saxlanc Sistemi texnoloji inkişafda xüsusi əhəmiyyət daşıyır ki, bu sahəyə də xarici sərmayənin diqqəti böyükdür. Bütün bunları nəzərə aldıqda Azərbaycanın “yaşıl enerji” sektoruböyük investisiyatutumlu sektora çevriləcək. Hazırda layihədəyəri təxminən 340 milyon dollar xarici investisiyadan ibarət olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açdığı sərmayə cığırı gələcəkdə bu sahəyə milyardlarla dollar yatırım cəlb edəcək.
Bərpaolunan enerji stansiyaları təmiz enerji istehsalının mənbəyi kimi həm də sənaye sektorunu sağlamlaşdırır, təbii qazdan istifadəni minimallaşdırır. Məsələn, təkcə, “Xızı-Abşeron” KES Azərbaycanın sənaye sektorunda 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradacaq. Eyni zamanda, bu stansiya 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısını alacaq ki, bu da Azərbaycan dövlətinin karbon emissiyasının azaldılması hədəflərinə töhfə verən amillərdən biridir.
Azərbaycan bu hadisə ilə həm də beynəlxalq iqlim ailəsi qarşısında götürdüyü öhdəliklərə sadiqliyini və məsuliyyətininümayiş etdirir. Digər məqam ondan ibarətdir ki, stansiyada illik istehsal olunacaq bir milyard kilovat-saat enerji Xızı və Abşeron rayonun yaşayış və qeyri-yaşayış məntəqələrinin ənənəvi enerjidən təmiz enerjiyə keçidini təmin edəcək.
Bundan başqa, bərpaolunan enerji mənbələri rəqəmsal inkişafın, informasiya texnologiyaları sektoru üçün texnoloji infrastrukturun da altbazası deməkdir. Fiber-optik sənayenin, data texnologiyaları infrastrukturlarının əsas gücü məhz bərpaolunan enerjiyə söykənir. Ona görə də Azərbaycanın Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin texnologiya nəhəngləri ilə tərəfdaşlığı həm də rəqəmsal iqtisadiyyatın və yaşıl inkişafın çoxşaxəliliyini təmin edəcək.Eyni zamanda, “yaşıl enerji” istehsalını generasiya portfelində artıran Azərbaycan təmiz enerjinin ixracını da həyata keçirəcək.
Regional layihələr kontekstində Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının şaxələndirilməsi, Türkiyə və Avropa bazarlarına nəqli istiqamətində marşrutların yaradılması istiqamətində təşəbbüsləri də mühüm yer tutur. Bir sözlə, Azərbaycanın yürütdüyü “yaşıl enerji” siyasəti bütün region ölkələrinin birgə enerji həmrəyliyini genişləndirməklə yeni mərhələyə daxil olmaqdadır.
Ramid Namazov
Milli Məclisin deputatı