NATO: Azərbaycan Ordusunun imkanlarının artırılması tərəfdaşlığımızda əsas istiqamətlərdəndir Siyasət

NATO: Azərbaycan Ordusunun imkanlarının artırılması tərəfdaşlığımızda əsas istiqamətlərdəndir

“Azərbaycan sadiq tərəfdaşdır və NATO müttəfiqləri və digər tərəfdaş ölkələrlə təhlükəsizlik və müdafiə islahatları, kibermüdafiə və terrorizmlə mübarizə daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir”.

Bunu APA-ya müsahibəsində NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının və Alyansla interoperabelliyinin artırılması NATO-nun Azərbaycanla tərəfdaşlığında əsas istiqamətlərdən biridir.

“Azərbaycanın 1994-cü ildən etibarən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakı NATO-ya və ayrı-ayrı müttəfiqlərə interoperabelliyi artırmaq məqsədilə seçilmiş bölmələrin inkişafında Azərbaycana dəstək verməyə imkan yaradıb. Proqram çərçivəsində Azərbaycan NATO standartlarına uyğun bölmələr formalaşdırır, NATO rəhbərliyi altında sülhməramlı əməliyyatlara qüvvə töhfələri hazırlayır və gələcəkdə Azərbaycanın iştirak etməyi qərara ala biləcəyi potensial missiyalar üçün digər imkanları inkişaf etdirir.

Azərbaycan Kosovo və Əfqanıstanda NATO rəhbərliyi altında keçirilən missiya və əməliyyatlara artıq əhəmiyyətli töhfələr verib, həmçinin Tərəfdaşlıq üzrə Qərargah Vəzifələri təşəbbüsü vasitəsilə NATO-nun hərbi strukturlarında nəzərəçarpacaq mövcudluğunu qoruyur. Azərbaycan, eyni zamanda, minalardan təmizləmə və kritik enerji infrastrukturunun, o cümlədən terror aktlarından qorunması sahəsində əməkdaşlıqda uzunmüddətli maraq nümayiş etdirir”, - Aleksandr Vinnikov qeyd edib.