Siqh Federasiyasının sədri: 1984-cü il hadisələri Pəncabın müstəqillik hərəkatının başlanğıcı olub Siyasət

Siqh Federasiyasının sədri: 1984-cü il hadisələri Pəncabın müstəqillik hərəkatının başlanğıcı olub

Siqhlərə qarşı soyqırım Pəncab üçün daha geniş muxtariyyət tələbindən çıxaraq, tam azadlıq və suverenlik ideyasına yönəlmiş yeni bir hərəkatın başlanğıcı olub.

APA xəbər verir ki, bu sözləri Siqh Federasiyasının sədri Bual Maninder Siqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda çıxışında deyib.

Natiq Hindistanda müxtəlif icmaların əsrlər boyu üzləşdiyi ayrı-seçkilik və zorakılıq hallarından danışıb. O bildirib ki, dalit icmaları min illərdir kastaya əsaslanan zülmə məruz qalır, müsəlmanlar və digər azlıqlar isə onilliklərdir sağçı hindutva qruplarının törətdiyi icma zorakılığından əziyyət çəkirlər.

Maninder Siqh 1984-cü ildə “Mavi Ulduz” əməliyyatı zamanı Hindistan ordusunun siqlərin ən müqəddəs məkanı olan Qızıl Məbədə hücum etməsinin siqh icmasının kollektiv yaddaşında dərin izlər buraxdığını qeyd edib. Onun sözlərinə görə, bu hadisə Pəncab üçün daha geniş muxtariyyət tələbindən çıxaraq, tam azadlıq və suverenlik ideyasına yönəlmiş yeni bir hərəkatın başlanğıcı olub.

"Ardınca Baş nazir İndira Qandinin qətlə yetirilməsi 1984-cü ilin noyabrında Dehli və digər şəhərlərdə baş verən kütləvi qırğınlar üçün bəhanəyə çevrilib. Həmin hadisələr zamanı siyasətçilər tərəfindən silahlandırılmış dəstələr siqh ailələrinin evlərini yandırıb, kişiləri və uşaqları qətlə yetirib, qadınlara qarşı zorakılıq törədiblər. Bu proses dövlət tərəfindən başladılmış və genişmiqyaslı soyqırım xarakteri daşıyıb. 1984-cü il soyqırımının üzərindən 40 ildən çox vaxt keçməsinə baxmayaraq, qurbanların əksəriyyəti hələ də ədalət görməyib və Hindistan dövləti bu faciəyə görə real hüquqi cavabdehlik ortaya qoymayıb”, - o qeyd edib.