NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir Siyasət

NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir.

Bu barədə İsveç səfirliyinin NATO Baş katibinin müavini Radmila Şekerinskanın Azərbaycana səfəri barədə paylaşımında bildirib.

"21-22 yanvar 2026-cı il tarixlərində NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib. O, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.

Tərəflər Azərbaycan–NATO tərəfdaşlığının mövcud vəziyyətini nəzərdən keçirib və Ermənistan–Azərbaycan normallaşma prosesi, eləcə də NATO-nun Qara dəniz regionunda sabitliyə dəstəyi kimi bir sıra ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - paylaşımda qeyd edilib.

Vurğulanıb ki, Radmila Şekerinska Azərbaycanın NATO ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir.

“Bu tərəfdaşlıq artıq 30 ildən çoxdur ki, siyasi dialoq və hərbi qarşılıqlı fəaliyyət, müdafiə təhsili kimi qarşılıqlı faydalı sahələrdə praktiki əməkdaşlıqla təsdiqlənir. Səfər NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirlikləri qismində fəaliyyət göstərən Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə həyata keçirilib", - səfirlikdən bildirilib.