"Separatizmə maliyyə və siyasi dəstək verən amerikalı liderlər olub"-Zahid Oruc Siyasət

"Separatizmə maliyyə və siyasi dəstək verən amerikalı liderlər olub"-Zahid Oruc

"Son 30 ildə Birləşmiş Ştatların heç bir rəhbəri Azərbaycan Prezidentinə indiki qədər açıq rəğbət, güclü dəstək və yüksək tərəfdaşlıq ruhu göstərməyib.
Biz yaxşı xatırlayırıq, 36 il əvvəl 20 yanvarı islam fundamentalistlərinin cəzalandırılması aktı adlandıran, Qorbaçova Qarabağı ermənilərə verməyə çağıran, separatizmə maliyyə və siyasi dəstək verən amerikalı liderləri olub".
Xalqcəbhəsi.az xəbər ramil verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
O, əlavə edib ki, yalnız geosiyasi maraqlara görə deyil, İlham Əliyevin şəxsiyyətinə, strateji baxışların ortaqlığına və qlobal layları tərpədən Qarabağ Qələbəsinə görə xüsusi rəğbətlə yanaşır: "Prezidentin qətiyyətli liderliyi, Konqres və Senatda anti-Azərbaycan lobbi qruplarının təsirini xeyli azaldıb.
ABŞ lideri sosial hesabında 9 ayda 7 dəfə, diplomatik platformalarda və siyasi mesajlarında isə 14 dəfə İlham Əliyevə rəğbətini açıq ifadə edir, onu nümunə adlandıraraq deyir: “Siz güclü lidersiniz, sizinlə fəxr edirəm.”
Xatırladaq ki, Bayden administrasiyası 44 günlük müharibədən sonra sanksiya təşəbbüsləri, gündəlik media hücumları və “Qarabağda xristian dini abidələrinin qorunması” adı altında Azərbaycana təzyiqlər edirdilər. Onlar hakimiyyətdə qalsaydılar, ordumuzu Xankəndinə hücumda günahlandırardılar.
Tramp administrasiyası dövründə ABŞ-Ermənistan münasibətləri rəsmi Bakı əleyhinə yönəlməyib.
Bəli, Vaşinqton hərbi qələbəmizi qəbul edir, onun legitimliyini tanıyır. Qərb liderlərinin bir qismi tərəfsiz qalsa da, Prezidentin elçisi Stiv Uitkof qalib, irəliləyən ordunun İrəvana hücum etməməsi əmrini verən İlham Əliyevi “müdrik və məsuliyyətli rəhbər nümunəsi” adlandırır.
8 avqust Vaşinqton Zirvəsi Kürəkçayla başlayan bölünmə və məğlubiyyət silsiləsinə son qoyan tək qalibiyyət hadisəsidir.
Yanvarın 22-də Davosda ABŞ rəhbərinin dövlət başçısı ilə müstəsna görüş təşkil etməsi, “Sülh Şurası”nda ölkəmizin təsisçi üzvlüyü, Trampın barış təşəbbüsləri ilə İlham Əliyevin sülh missiyasının birləşməsi deməkdir, Qarabağ Qələbəsinin yeni dünya düzənində ölkəmizə qazandırdığı yeni geosiyasi statusdur.
“Sülh Şurası” həm də Cənubi Qafqazda mühm rol oynaya, artıq işləməyə başlayan TRİPP layihəsinin qarantiyaçısı ola bilər.
Keçmiş səfir, USAD-in ştatlı emissarı və ölkəmizə qarşı nifrət kampaniyasının önündə gedən Riçard Kozlariçin “işğal partiyası”na dəstək tələblərinə rəsmi Vaşinqtonun məhəl qoymaması hakimiyyəti zorla dəyişdirmək istəyənləri dərindən məyus edir.
Ötən il 27 senatorun Azərbaycan əleyhinə imzaladıqları məktubda irəli sürülən ittihamları heç Ermənistan hökuməti qəbul etmir. Ona görə də ABŞ Dövlət Departamentinə Bakıda məhkəməsi keçirilən 19 şəxsin əməlləri haqqında sənədləri təqdim etmək faydalı olar.
Nəhayət, vitse-prezident Ceyms Vensin ölkəmizə gözlənilən səfəri tarixi əhəmiyyətə malikdir. ABŞ-la birlikdə regionda davamlı barış və təhlükəsizliyə xidmət edən “Sülh Korpusu”nun yaradılması müharibə deyil-TRİP layihəsində sabitliyi təmin etməyə, minaları təmizləməyə, qonşulara və tərəfdaşlara sülh “ixrac” etməyə kömək edərdi".