Cinayət məlumdur, qurbanlar danışır, qanunlar susur: “Epşteyn faylları” nəyi ortaya çıxardı? - TƏHLİL Siyasət

Cinayət məlumdur, qurbanlar danışır, qanunlar susur: “Epşteyn faylları” nəyi ortaya çıxardı? - TƏHLİL

Epşteyn faylları”nın dərc olunması ilk baxışdan uzun illər cavabsız qalmış suallara işıq salmalı idi. Cəmiyyətlərin əsas gözləntisi isə bu idi - faktlar, məsul şəxslər məlumdur, hüquqi nəticələr olmalıdır. Lakin baş verənlər bu gözləntiləri doğrultmadı. Əksinə, materialların açıqlanması aydınlıq yaratmaq əvəzinə, daha çox boşluq və ziddiyyətləri ortaya çıxardı.

Əsas problem ondan ibarətdir ki, açıqlanan sənədlər hüquqi baxımdan tamamlanmış bir prosesin nəticəsi deyil. Fayllarda cəmiyyətin gözlədiyi ən vacib element yoxdur: məhkəmə hökmü və sistemli hüquqi nəticə. Bu isə “Fayllar nə üçün açıldı” sualını qaçılmaz edir. Əgər nəticə yoxdursa, açıqlanan məlumatlar, sadəcə, ifşa xarakteri daşıyır və ədalətin bərqərar olmasına xidmət etmir.

“Epsteyn faylları”nın açıqlanması nə verdi və nəyi açıq buraxdı?

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov APA-ya açıqlamasında bildirib ki, Epşteyn materiallarının bir hissəsinin ictimailəşdirilməsi təkcə ABŞ cəmiyyətində deyil, beynəlxalq miqyasda da ciddi rezonans doğurub.

Onun sözlərinə görə, bu proses bir sıra ölkələrdə ictimai-siyasi mühitə birbaşa təsir göstərib və konkret siyasi nəticələrlə müşayiət olunub: “Slovakiyada “Epşteyn faylları”nda adı keçən tanınmış siyasi fiqur Miroslav Layçakın baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən istefa verməsi bu təsirin açıq nümunəsidir. Bu addım “Epşteyn işi” ətrafında yaranan reputasiya risklərinin artıq siyasi karyeralar üçün real təhlükəyə çevrildiyini göstərir”.

Oxşar proses Norveçdə də müşahidə olunub. Epşteyn ilə sıx münasibətdə olduğu iddia edilən Norveç vəliəhdinin həyat yoldaşı ictimai şəkildə üzr istəsə də, bu addım ümumilikdə monarx ailəsinin ictimai nüfuzuna dəyən zərəri aradan qaldırmayıb.

R. Hüseynovun sözlərinə görə, ənənəvi olaraq monarxiyanın yüksək ictimai dəstəyə malik olduğu Norveçdə kral ailəsinə münasibətdə ictimai rəyin aşağı düşməsi bu qalmaqalın institusional təsirini göstərir: “Epşteyn faylları”nın açıqlanması Qərb ölkələrində, xüsusilə ABŞ-da, geniş kütlələrin elitaya olan inamını ciddi şəkildə sarsıdıb. Uzun müddət konspirasiya nəzəriyyələri kimi təqdim olunan bəzi mövzuların indi reallıq kimi gündəmə gəlməsi həmin nəzəriyyələrin daha da güclənməsinə səbəb olub”.

Would Releasing the Epstein Files Really Endanger Victims?

O vurğulayıb ki, Qlobal Cənub ölkələrində isə bu mövzu Qərb dəyərləri, Qərb standartları və demokratik institutların tənqid hədəfinə çevrilməsinə gətirib çıxarıb: “Qərb elitası bu kontekstdə ikili standartlarda ittiham olunur və insan hüquqları ilə bağlı çağırışların selektiv xarakter daşıdığı fikri güclənir”.

Cinayətlər bilinirdi, amma reaksiya yox idi

Bu proseslə bağlı ən mühüm yanlış təsəvvür ondan ibarətdir ki, sanki “Epşteyn işi” illərlə gizli qalıb və indi təsadüfən üzə çıxıb. Əslində isə vəziyyət tam fərqlidir. 2007-2008-ci illərdə həm qurbanların ifadələri, həm maddi sübutlar, həm də hüquqi əsaslar mövcud idi. Yəni, problemin kökü məlumatsızlıqda, məsələnin indiyədək gizli qalmasında deyil, reaksiya verilməməsidir. Burada məsuliyyətdən sistemli imtina müşahidə olunur. Prokurorluq, polis orqanları, miqrasiya strukturları, maliyyə institutları hər biri məsələyə yalnız öz səlahiyyətləri çərçivəsində baxırdı. Heç bir qurum bütöv mənzərəni görmək və ya görmək istəmirdi. Çünki bütöv mənzərə güclü şəxsləri, siyasi və iqtisadi təsir imkanları olan fiqurları üzə çıxarır, onlarla qarşıdurma yaradırdı. Bu isə risk demək idi. İlk və ən kritik uğursuzluq məhz prokurorluq mərhələsində baş verdi. Federal səviyyədə iş açılmaması təkcə hüquqi qərar deyildi, bu, institusional qorxaqlığın göstəricisi idi. Bir qərarsızlıq zənciri sonradan bütün sistemi iflic vəziyyətə saldı.

İsraildən olan politoloq Yuri Boçarov hesab edir ki, Ceffri Epşteyn işi tarixdə ani bir ifşa və ya gecikmiş ədalətin qələbəsi kimi təqdim oluna bilməz.

Yuri Boçarov:

O, APA-ya açıqlamasında qeyd edib ki, bu gün ictimai müzakirəyə çıxarılan faktların böyük əksəriyyəti Epşteynin yenidən həbsindən xeyli əvvəl məlum olub: “Əsas problem məlumat çatışmazlığında deyil, bu məlumatlara hüquqi reaksiyanın selektiv şəkildə verilməsindədir. Bu tip işlər illərlə arxivdə saxlanılır və yalnız elitalar daxilində qüvvələr balansı dəyişəndə aktivləşdirilir”.

Ekspert vurğulayıb ki, 2007-2008-ci illərdə artıq sübutlar, zərərçəkənlərin ifadələri və şahid məlumatları mövcud idi, lakin federal istintaq faktiki olaraq neytrallaşdırıldı. Onun fikrincə, bunu təsadüf və ya institusional səhv kimi izah etmək çətindir: “Araşdırma ayrı-ayrı şəxsləri deyil, siyasi və maliyyə baxımından təsirli fiqurların bütöv bir təbəqəsini əhatə etdikdə, sistem işi sona çatdırmaqdan yayınmağa üstünlük verir”.

Boçarov bildirib ki, elitalar daxilində konsensus qorunduğu müddətdə bu cür şəbəkələr toxunulmaz qalır və məhz bu səbəbdən son illərdə baş verən bir çox məhkəmə prosesləri hüquqi deyil, siyasi mübarizənin davamı kimi görünür. Onun sözlərinə görə, belə hallarda cinayət hüququ neytral alət olmaqdan çıxır və siyasi silaha çevrilir: “Donald Tramp ətrafında formalaşan qarşıdurma konteksti bu məntiqi daha aydın göstərir: əvvəl hüquqi mexanizmlər ona qarşı istifadə olundu, daha sonra siyasi konfiqurasiya dəyişdikcə eyni vasitələrlə cavab oyunu başlandı”.

Miqrasiya sistemi və “qanuni görünən” yollar

3 million pages of Epstein documents released

Ən narahatedici suallardan biri qurbanların başqa ölkələrdən necə gətirilməsi ilə bağlıdır. Burada məsələ təkcə cinayətkar niyyət deyil, mexanizmdir. Qurbanlar açıq-aşkar qeyri-qanuni yollarla deyil, kağız üzərində qanuni görünən prosedurlarla gətirilib. Bu fakt onu göstərir ki, problem yalnız saxta sənədlərin mövcudluğu deyil, sistemin özündəki boşluqlardır. Əgər insan alveri formal baxımdan “qanuni” çərçivədə həyata keçirilə bilirsə, bu, artıq fərdi cinayət deyil, struktur problemdir. Bu isə miqrasiya nəzarətinin, beynəlxalq koordinasiyanın və risk qiymətləndirmə mexanizmlərinin ya zəif, ya da bilərəkdən görməzdən gəlinən vəziyyətdə olduğunu göstərir.

Yuri Boçarov da qeyd edir ki, insan alverinin “qanuni görünən” mexanizmlər üzərindən həyata keçirilməsi təsadüfi deyil, sistemli uyğunsuzluqların nəticəsidir: “Ceffri Epşteyn işi çərçivəsində seksual istismarın qurbanına çevrilmiş uşaqların ABŞ ərazisinə formal baxımdan qanuni əsaslarla gətirilməsi ciddi struktur nasazlığını üzə çıxarır: qanun özü-özlüyündə ondan yan keçmək üçün şərait yaradır. Miqrasiya sistemi real məzmunun və risklərin qiymətləndirilməsinə deyil, prosedurların kağız üzərində düzgünlüyünə fokuslanır. Sənədlər “bürokratik” baxımdan qaydasında olduqda, dövlət faktiki olaraq onların arxasında duran reallığı görməməyə üstünlük verir”.

Boçarovun fikrincə, ikinci və ən təhlükəli problem qanunun seçici şəkildə tətbiq olunmasıdır: “Pul və əlaqələr nüfuzlu şəxslərə qanunvericilikdəki boşluqlardan cəzasız istifadə imkanı yaradır və hüququ müdafiə mexanizmindən ört-basdır alətinə çevirir. Belə bir sistemdə məsuliyyət faktiki olaraq yayılır: formal baxımdan hər şey qanuni görünür, gerçəklikdə isə dövlət özü elə bir mühit formalaşdırır ki, güclü şəxslər qanunu pozmadan onun fövqündə qalırlar”.

Ekspert vurğulayır ki, sənədlər qaydasında olduğu halda, prosesin mahiyyəti nadir hallarda dərindən araşdırılır.

EXPLAINER - What the Epstein files reveal — and what's still missing

Əgər giriş viza rejiminə, yaşayış icazəsinə və ya müşayiətçi sənədlərə formal baxımdan uyğun gəlirsə, insan faktoru avtomatik olaraq təhlükəsiz kateqoriyaya keçirilir. Bu isə istismara açıq qruplar üçün ciddi boşluq yaradır”, – deyə Boçarov vurğulayır.

Onun fikrincə, problem yalnız bir ölkənin miqrasiya siyasəti ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq səviyyədə koordinasiya çatışmazlığı ilə daha da dərinləşir.

Bir neçə dövlətin sistemləri arasında informasiya mübadiləsi zəif olduqda, cinayətkar şəbəkələr bundan ustalıqla istifadə edir. Nəticədə hər bir ölkə formal olaraq qaydalara əməl etdiyini düşünür, amma bütöv mexanizm faktiki olaraq işləməz hala düşür”, – ekspert əlavə edir.

Boçarov hesab edir ki, bu cür hallar miqrasiya nəzarətinin yalnız texniki prosedur kimi deyil, təhlükəsizlik və insan hüquqları kontekstində yenidən nəzərdən keçirilməsini zəruri edir.

Əks halda, hüquqi çərçivə cinayətlərin qarşısını alan alətə deyil, onları gizlədən örtüyə çevrilir,” – deyə politoloq vurğulayır.

İnstitusional uğursuzluq və kollektiv məsuliyyətsizlik

Watch The Epstein Files | Fox Nation

Bütün bu faktlar bir nöqtədə birləşir: institusional uğursuzluq. Heç bir qurum son məsuliyyəti öz üzərinə götürmür, hamı məsələni başqasının səlahiyyət dairəsinə ötürür. Nəticədə isə cinayət var, qurban var, amma cavabdeh yoxdur. Ən düşündürücü tərəf isə odur ki, bu hadisələr hansısa üçüncü dünya ölkəsində deyil, demokratik institutların güclü olduğu iddia edilən, hüququn aliliyinin əsas dəyər kimi təqdim edildiyi bir dövlətdə baş verib.

Bu kontekstdə Yuri Boçarov vurğulayır ki, belə cinayətlərin illərlə özünü demokratiyanın dayağı kimi təqdim edən və digər ölkələrə mənəvi dərslər verən bir dövlətdə baş verməsi təsadüfi deyil. Onun fikrincə, bu, ayrı-ayrı məmurların səhlənkarlığı və ya peşəkar uğursuzluğu ilə izah edilə bilməz.

Ekspert hesab edir ki, söhbət nüfuzlu elitaların maraqlarına toxunulduğu anda sistemin şüurlu şəkildə işləməməsindən gedir. “Bu vəziyyətdə hüquqi və demokratik institutlar real nəzarət və ədalət mexanizmi rolunu itirir, yalnız formal və nümayişkaranə funksiyanı yerinə yetirir,” – deyə o bildirir.

Boçarovun fikrincə, institutlar bəzi hallarda effektiv işləyir, lakin söhbət qorunan elitar dairənin üzvlərindən gedəndə eyni institutlar açıq şəkildə fəaliyyətsiz qalır.

Politoloqun qənaətinə görə, bu selektiv yanaşma demokratiyanın mahiyyətini zədələyir və onu vitrin mexanizminə çevirir: Nəticədə mənəvi liderlik iddiası ciddi şəkildə sarsılır və bu tip dövlətlərin insan hüquqları və ədalət məsələlərində universal arbitr kimi çıxış etmək hüququ sual altına düşür. Bu isə institusional uğursuzluğun təkcə daxili problem olmadığını, eyni zamanda beynəlxalq etimad böhranına çevrildiyini göstərir”.

Ədalət hissinin itməsi və uzunmüddətli nəticələr

Live: US House and Senate approve release of Epstein files - BBC News

Nəticədə açıq qalan əsas sual budur: Niyə cəmiyyət uşaqlar kimi son dərəcə həssas mövzuda ədalətin bərqərar olması hissindən məhrum edilir? Bu sual cavabsız qaldıqca daha ağır nəticələr doğurur. Ədalətə inamsızlıq, məhkəmə sisteminə şübhə və həqiqətin həmişə yarımçıq qalması hissi zamanla dərinləşir. Bu isə yalnız konkret bir işin problemi deyil, bütöv cəmiyyət üçün təhlükəli presedent yaradır.

Yuri Boçarov bildirir ki, “əsas epizodlar üzrə cavabların verilməməsi və prosesin qapalı saxlanılması uzunmüddətli perspektivdə qaçılmaz olaraq etimad böhranı yaradır.” Onun sözlərinə görə, “bu etimadsızlıq təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də dərinləşir və sistemli xarakter alır”.

Ekspert qeyd edir ki, “cəmiyyət getdikcə daha aydın şəkildə anlayır: həqiqət nə tam, nə də dərhal açıqlanır, faktlar yalnız elitalar arasındakı cari siyasi mübarizənin icazə verdiyi həcmdə ictimailəşdirilir”.

Bu yanaşma isə, politoloqun fikrincə, ədalətin obyektiv meyarlarla deyil, siyasi konfiqurasiya ilə müəyyənləşdirildiyi təəssüratını gücləndirir”.

Boçarov vurğulayır ki, “belə bir mühitdə ikili standartlar hissi qaçılmaz olaraq möhkəmlənir və qanunla ədalət faktlardan deyil, güc balansından asılı vəziyyətə düşür.” Onun sözlərinə görə, “nəticədə demokratik dəyərlərin fundamental xarakter daşıdığına dair inam aşınır və bu aşınma qısamüddətli olmur”.

Politoloq əlavə edir ki, “bu tip qalmaqallar formal şəkildə bağlanmır, onlar yığılır, dərinləşir və elitar maraqların üst-üstə düşmədiyi hər yeni mərhələdə yenidən üzə çıxır.” Onun qənaətinə görə, “bu proses cəmiyyət üçün davamlı psixoloji və siyasi yük yaradır və ədalətin bərqərar olacağına dair ümidi tədricən sıradan çıxarır”.