11:24
602
Avropa İttifaqı (Aİ) Azərbaycanın Merlər Təşəbbüsünə qoşulmuş bələdiyyələrini təlimlər və metodoloji dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir.
"APA-Economics" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) səfiri Mariyana Kuyundziç "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə deyib.
Tədbiri açılış nitqi ilə başlayan səfir iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.
"Azərbaycanın daha çox bələdiyyəsinin iqlim dəyişikliyi ilə mübarizə aparan və vətəndaşları üçün daha yaxşı gələcək təmin etməyə çalışan Avropanın ən böyük yerli hökumətlər hərəkatına qoşulmağa dəvət etməkdən məmnunam. Artıq təxminən 12.000 yerli hakimiyyət orqanı Al-nin iqlim baxımından neytral, dayanıqlı və hər kəs üçün ədaləti gələcək vizyonuna uyğun olaraq enerji və iqlim sahəsində könüllü öhdəliklər götürüb. Həmçinin qürur duyuram ki, Al Azərbaycanın qoşulmuş bələdiyyələrini təlimlər və metodoloji dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi, şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir", - deyə səfir Mariyana Kuyundziç bildirib.
Qeyd edək ki, Merlər Razılaşması Şərq Tərəfdaşlığı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova va Ukraynada yerli və regional özünüidarəetmə orqanlarına dayanıqlı enerji və iqlim siyasətlərinin hazırlanması və icrasında dəstək göstərir.
Azərbaycanda təşəbbüsə ilk qoşulan bələdiyyə 2012-ci ildə İçərişəhər bələdiyyəsi olub. Daha sonra ölkədə Gəncə, Quzanlı, Horadiz, Xırdalan, Mingəçevir, Şamaxı, Şəki və Yevlax bələdiyyələri də Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşularaq fəal üzvlərə çevriliblər. Ölkə üzrə milli koordinatoru Azərbaycan Respublikasının Energetika Nazirliyidir.
Merlər Razılaşması - Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.