Merz ABŞ və Avropa münasibətlərində parçalanma olduğunu bildirib
13 Fevral 17:58

13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi” mövzusunda panel müzakirələrində çıxış edib.
Paneldə həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.
Nazir Ceyhun Bayramov çıxışı zamanı Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin mövqeyi və xüsusilə də tarixi Vaşinqton sammitindən sonra atılan addımlar, Azərbaycanın regional təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.
Ermənistana istiqamətlənən yüklərə münasibətdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycandan Ermənistana neft məhsullarının satışı istiqamətində atılan addımların son onilliklər ərzində görünməmiş dərəcədə sabit mühitin formalaşmasına töhfə verdiyi qeyd edilib.
Bununla yanaşı, Ermənistan tərəfindən də yüklərin Azərbaycandan keçməklə üçüncü ölkələrə ixrac edilməsinə müvafiq icazə verilməsinin, beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin əhəmiyyətli etimad quruculuğu tədbirləri olduğu vurğulanıb.
Tərəflər arasında paraflanmış sülh sazişinin imzalanması və normallaşma gündəliyinin daha da irəli aparılması baxımından Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Cənab Prezident İlham Əliyevin siyasətinin bölgəmizin regional rəqabət və konfrantasiya məkanına çevrilməməsi istiqamətində tədbirlərə kökləndiyini xatırladılıb.
Nazir panel müzakirələrində, həmçinin Azərbaycanın Orta Dəhlizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı infrastruktur işləri, investisiyaları və regional tərəfdaşlarla normativ-hüquqi əlaqələndirmə tədbirləri barədə məlumat verib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükaşırma prosedurlarının asanlaşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında birgə Yol Xəritəsinin qəbul edildiyi bildirilib, bunun nəticəsində tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azaldığı və yük daşımalarının həcminin artdığı qeyd edilib.
TRIPP təşəbbüsü də daxil olmaqla inklüziv bağlantı layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb, bu çərçivədə Avropa İttifaqının daha fəal iştirak potensialı, Türkiyənin və Gürcüstanın da regional nəqliyyat əlaqələrinin inkişafında vacib rolu qeyd edilib.
Bununla yanaşı, regional bağlantıların inkişafı istiqamətində ölkəmizin Mərkəzi Asiya ilə həyata keçirdiyi birgə layihələr və səylər diqqətə çatdırılıb.
Panel müzakirələri daha sonra sual-cavab sessiyası ilə davam edib.