
Özünü beynəlxalq münasibətlərdə sülhün, dialoqun və neytrallığın simvolu kimi təqdim edən İsveçrənin Azərbaycan-Ermənistan sülh gündəliyi fonunda atdığı addımlar
bu ölkənin uzun illər formalaşdırdığı neytral imiclə ciddi ziddiyyət təşkil edir. Xüsusilə 2023-cü ildən sonra Qarabağ mövzusu ətrafında İsveçrə siyasi dairələrində müşahidə olunan fəallıq regionda real sülhə töhfə verməkdən daha çox, mövcud postmünaqişə reallıqlarını sual altına almaq cəhdi kimi dəyərləndirilir. Bu yanaşma isə təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqazda normallaşma prosesinin gələcəyi baxımından narahatlıq doğurur.
2023-cü ildən etibarən İsveçrə parlamentində “Swiss Peace Initiative for Nagorno Karabakh” adı altında irəli sürülən təşəbbüslər diqqətlə təhlil edildikdə aydın olur ki, bu addımlar sülh prosesinin mahiyyətinə uyğun gəlmir. Sözügedən təşəbbüslər 2020-ci il üçtərəfli bəyanatından və 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədə yaranmış yeni siyasi və hüquqi reallıqları faktiki olaraq nəzərə almır. Halbuki məhz bu reallıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və yekun sülh sazişinin imzalanması üçün əsas baza rolunu oynayır.
Azərbaycanın postmünaqişə reallıqları beynəlxalq səviyyədə tanınır
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov hesab edir ki, Azərbaycanın regional siyasəti mahiyyət etibarilə sülh və sabitliyə xidmət edir və artıq bu xətt beynəlxalq səviyyədə qəbul olunub.

Politoloq APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Avrasiyanın mərkəzi xəttində mühüm geosiyasi nöqtələrdən birində qərarlaşıb və ölkənin bütün istiqamətlər üzrə həyata keçirdiyi siyasət regionda sülhün və sabitliyin möhkəmlənməsinə yönəlib: “Məhz bu siyasət Azərbaycanın etibarlı və məsuliyyətli regional və beynəlxalq aktor kimi mövqeyini gücləndirib.”
Zaur Məmmədovun fikrincə, son vaxtlar baş tutan beynəlxalq tədbirlər, xüsusilə də qlobal platformalarda Azərbaycan Prezidentinin verdiyi mesajlar göstərir ki, postmünaqişə dövründə formalaşmış reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir: “Beynəlxalq aləm Cənubi Qafqazda aparılan siyasətə açıq dəstək nümayiş etdirir, müharibənin nəticələri fakt kimi qəbul olunur, qalib tərəfin hüquqları tanınır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq səviyyədə təsdiqlənir. Bu mənzərə fonunda İsveçrə kimi neytrallıq iddiasında olan ölkənin əsassız narrativləri gündəmə gətirməsi xüsusilə ziddiyyətli görünür”.
İsveçrənin neytral mövqeyi sual altına düşür
İsveçrə parlamentində yaradılmış işçi qrupların səsləndirdiyi bəzi tezislər diqqətlə təhlil edildikdə onların regiondakı postmünaqişə vəziyyətini təhrif etdiyi açıq şəkildə görünür. Daha diqqətçəkən məqam isə bu tezislərin bir hissəsinin uzun illər Rusiya informasiya məkanında dövriyyədə olmuş narrativlərlə üst-üstə düşməsidir. Bu fakt İsveçrənin iddia edilən müstəqil və neytral mövqeyinin nə dərəcədə real olması ilə bağlı sualları daha da aktuallaşdırır.
Politoloq bu məqamda Avropanın bəzi dairələrində müşahidə olunan ziddiyyətli davranışlara da diqqət çəkir.
“Avropanın əksər ölkələri ilə Azərbaycan arasında münasibətlər dinamik şəkildə inkişaf edir, bir sıra Avropa dövləti artıq öz enerji təhlükəsizliyini məhz Azərbaycan vasitəsilə təmin edir. Lakin bu müsbət fonun üzərində bəzi ölkələrin və siyasi dairələrin milli maraqları və ümumavropa dəyərlərini kənara qoyaraq, fərqli siyasi qütblərə xidmət edən mövqelər sərgiləməsi ciddi suallar doğurur”.
Zaur Məmmədov hesab edir ki, bu cür mövqe çox vaxt müstəqil siyasi iradənin deyil, xarici maraq qruplarının təsirinin nəticəsində ortaya çıxır.
Onun fikrincə, Avropa ölkələrində bəzi nazirlər və parlamentarilər ayrı-ayrı xarici dövlətlərə bağlı maraq qruplarının təsiri altında çıxış edir, bu da qərəzli yanaşmalara yol açır.
Qərəzli parlament bəyanatları revanşist qüvvələri ruhlandırır

Politoloq bildirir ki, son altı ilin təcrübəsi açıq şəkildə göstərir ki, hansı ölkə və dairələrin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə qarşı çıxıb, Qarabağdakı separatizmə dolayı və ya birbaşa dəstək verib.
Bu kontekstdə İsveçrənin davranışı xüsusilə diqqət çəkir: “Fransanın və digər bəzi Avropa ölkələrinin parlamentlərində olduğu kimi, İsveçrə parlamentində də qərəzli və birtərəfli bəyanatların səsləndirilməsi bunun bariz nümunəsidir.
Bu yanaşma isə regionda revanşist qüvvələri ruhlandırmaqla yanaşı, sülh gündəliyinə qarşı çıxan dairələr üçün legitimləşdirici alət rolunu oynayır”.
Digər mühüm məqam beynəlxalq diplomatik etika ilə bağlıdır. Zaur Məmmədov vurğulayır ki, heç bir ölkənin ərazisi başqa dövlətə qarşı istifadə edilməməlidir və bu prinsip təkcə hərbi məsələlərlə deyil, informasiya müharibəsi ilə də bağlıdır.
Onun fikrincə, son dövrlər İsveçrədə yaşayan və bu ölkənin imkanlarından yararlanan bəzi şəxslərin Azərbaycana qarşı qərəzli informasiya kampaniyası aparması ciddi narahatlıq doğurur.
İsveçrə anti-Azərbaycan dairələr üçün platformaya çevrilir
Politoloq hesab edir ki, faktlara söykənməyən, böhtan xarakterli iddialar və ali dövlət rəhbərliyi haqqında təhrif olunmuş bəyanatlar qəbuledilməzdir və bu cür hallar Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradır: “Son illər İsveçrənin anti-Azərbaycan mövqeli ünsürlər üçün platformaya çevrilməsi xüsusi diqqət çəkir”.
Bu çərçivədə İsveçrənin sabiq xarici işlər naziri və prezidenti olmuş Burkhalterin fəaliyyəti də tez-tez xatırladılır.
“Emin Hüseynovun Azərbaycandan çıxarılmasında birbaşa rolun olması və daha sonra onun maliyyə öhdəliklərinin ödənilməsində iştirak sırf humanitar addımdan daha çox siyasi motivli qərar təsiri bağışlayır”, - deyə Zaur Məmmədov vurğulayıb.
Politoloqun fikrincə, bu cür nümunələr İsveçrənin uzun illər formalaşdırdığı neytrallıq imicinə ciddi zərbə vurur.
İsveçrənin Qarabağ mövzusu ətrafında atdığı son addımlar real sülhə xidmət etmir. Əksinə, mövcud reallıqları görməzlikdən gələn, köhnə narrativləri canlandıran və revanşist qüvvələri dolayı şəkildə stimullaşdıran bu yanaşma regionda etimadın bərpasını daha da çətinləşdirir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə yalnız beynəlxalq hüquqa hörmət və formalaşmış yeni reallıqların qəbul edilməsi əsasında mümkün ola bilər. Bu xətdən kənara çıxan istənilən təşəbbüs sülhə deyil, yeni gərginlik risklərinə yol açır.