Xəzərdən Avropaya: Azərbaycan enerji ixracında yeni mərhələ açır Siyasət

Xəzərdən Avropaya: Azərbaycan enerji ixracında yeni mərhələ açır

Bakı Konqres Mərkəzində iki mühüm beynəlxalq enerji forumu - Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasları - eyni vaxtda keçirilib. Hər iki iclas Azərbaycanın enerji sahəsindəki dual strategiyasını - eyni anda həm qaz ixracatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini - ön plana çıxaran tarixi əhəmiyyətə malik olub.

Tədbirdə iştirak edən Prezident İlham Əliyev açılış nitqi ilə çıxış edərək Azərbaycanın enerji sektoru üzrə strateji planlarını açıqlayıb, həm Avropa bazarına qaz ixracının genişləndirilməsi, həm də infrastrukturun modernləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkərək, yaşıl enerji transformasiyasının və ətraf mühitin qorunmasının Azərbaycan üçün prioritet olduğunu vurğulayıb.

Bu iclaslar Avropanın enerji bazarının köklü şəkildə yenidən qurulduğu, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə keçirilir. Prezidentin və Leyla Əliyevanın çıxışları ölkənin həm ənənəvi enerji ixracı, həm də alternativ və bərpaolunan enerji sahəsindəki strateji mövqeyini bir daha nümayiş etdirib.

Ekspertlər isə bildiriblər ki, Azərbaycanın qaz ixracatını genişləndirməsi və yaşıl enerji layihələrinə keçidi təkcə enerji sektorunu deyil, ümumilikdə iqtisadiyyatın diversifikasiyasını və qeyri-neft sahələrinin inkişafını da sürətləndirəcək. Bu addımlar həm ölkənin uzunmüddətli iqtisadi sabitliyinə, həm də beynəlxalq enerji bazarındakı mövqeyinə güclü təsir göstərəcək.

“Azərbaycan enerji liderliyini göstərir”

Deputat Vüqar Bayramov “Xalq Cəbhəsi”nə bilririb ki, Məşvərət Şurasının toplantısında müzakirə olunan məsələlər yalnız enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda qeyri-neft sektoru üçün də mühüm imkanlar yaradır.

Deputatın sözlərinə görə, toplantı çərçivəsində Azərbaycanın ənənəvi enerji ixracatı ilə yanaşı, innovativ və alternativ enerji mənbələri əsasında ixrac modelinə keçidi də gündəmdədir: “Xüsusilə 2027-ci ildən etibarən Avropa bazarına alternativ enerji mənbələrindən əldə olunan enerji ilə daxil olmaq niyyəti ölkənin enerji ixracatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Enerji sektorunun inkişafı daha çox valyuta gəlirlərinin formalaşmasına səbəb olmaqla yanaşı, bu gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi üçün də əlverişli zəmin yaradır”.

Onun fikrincə, enerji infrastrukturlarının genişləndirilməsi ümumilikdə iqtisadi imkanların artması, yeni layihələrin reallaşdırılması və xarici sərmayələrin cəlbi baxımından xüsusi əhəmiyyət daşıyır: “Məşvərət Şurasında müzakirə edilən məsələlərin yalnız ənənəvi enerji sahəsini deyil, ümumilikdə əməkdaşlıq və investisiya mühitini əhatə etməsi Azərbaycanın iqtisadi potensialının beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm göstəricidir. Toplantıda iştirak edən ölkələrin və şirkətlərin sayının çoxluğu bu prosesin təkcə enerji sektoruna deyil, eyni zamanda qeyri-neft sahələrinə də yeni inkişaf və əməkdaşlıq imkanları yaratdığını göstərir”.

“Qaz ixracından yaşıl enerji layihələrinə”

Deputat Naqif Həmzəyev diqqətə çatdırıb ki, 3 mart 2026-cı il tarixində Bakı Konqres Mərkəzində iki mühüm beynəlxalq enerji forumu eyni vaxtda keçirilib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası. Bu ikili format Azərbaycanın enerji sahəsindəki ikiqat strategiyasını - eyni anda həm qaz ixracatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini əks etdirən simvolik bir addımdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki iclasda iştirak edərək açılış nitqi ilə çıxış edib. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılıb. Bu iclaslar, Avropanın enerji bazarının köklü şəkildə yenidən qurulduğu, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə keçirilir. Bütün bu amillər Bakı Məşvərət Şurasına adi bir illik sənaye dialoqu deyil, enerji prioritetlərinin yenidən qiymətləndirildiyi strateji bir platform kimi baxılmasına zəmin yaradır.Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Bir onillik ərzində bu platform regional enerji əməkdaşlığının əsas dayağına çevrilib. 12-ci iclasın çağırılması özlüyündə Şuranın ardıcıl və fəal fəaliyyətini sübut edir.

Açılış nitqini ilə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sektoru üzrə bir sıra mühüm məlumat və planları açıqlayıb. Deputat vurğulayıb ki, Azərbaycan artıq Avropanın daha iki ölkəsinə — Almaniyaya və Avstriyaya qaz tədarükünə başlayıb. Bununla Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alan ölkələr sırasına qatılıb. Gələcəkdə bu rəqəmin daha da artacağı gözlənilir. Dövlət başçısı həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir; yeni qaz hasilatının Avropa bazarına çatdırılması üçün mövcud infrastrukturun genişləndirilməsi qaçılmazdır.

Prezident 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsi üzrə hasilatın başlanmasını gözlədiklərini elan edib. Bundan əlavə, cari ildə “Azəri-Çıraq-Günəşli” (ACG) yatağının dərin qaz laylarından hasilatın başlanması proqnozlaşdırılır — bu da Azərbaycanın qaz ixracı potensialını əhəmiyyətli dərəcədə artıracaq. Aralıq dənizi və Egey dənizindəki platformalar üçün 22 milyon ton neftayırma potensialı da açıqlanıb. Bu rəqəm ölkənin dəniz enerji infrastrukturunu daha da genişləndirmək niyyətini əyani şəkildə ortaya qoyur”.

Deputat bildirib ki, Prezidentin ən diqqətəlayiq açıqlamalarından biri Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının ilk dəfə tədarük edilməsidir: “Ölkə başçısı bu addımın Suriya xalqına mövcud kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıdığını bildirib. Bu, Azərbaycanın qaz ixracı coğrafiyasının Avropadan kənara çıxarıldığının ilk rəsmi təsdiqi kimi tarixi əhəmiyyət daşıyır.

Prezident Əliyev Azərbaycanın Qazaxıstan və Türkmənistan üçün mühüm neft tranziti təmin etdiyini vurğulayıb. “Biz enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayırıq,” — deyən dövlət başçısı Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək üçün zəruri infrastruktura malik olduqlarını qeyd edib.Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasına toxunaraq onun süni intellekt, enerji, bağlılıq kimi çoxsaylı sahələri əhatə etdiyini qeyd edib: “Dünyanın ən qüdrətli dövləti ABŞ-nin strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür.Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan Avropaya təbii qazın nəqlini təmin edən strateji bir infrastrukturdur. Bu dəhlizin Avropaya yönəlmiş seqmenti — Trans-Adriatik Boru Kəməri (TAP) — bu günədək Avropa İttifaqı ölkələrinə 56 milyard kubmetr qaz tədarük edərək enerji mənbələrinin şaxələndirilməsinə böyük töhfə verib. 2026-cı ilin yanvar ayında TAP layihəsinin illik ötürücülük gücü 1,2 milyard kubmetr artırılaraq ilk genişləndirilməsi həyata keçirilib. Bu, artıq 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin edəcək. İqtisadi baxımdan isə TAP vasitəsilə kommersiya qaz tədarüklərinin başlanmasından 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracı Azərbaycana təxminən 24 milyard avro gəlir gətirib.Paralel olaraq Xəzər-Qara dəniz-Avropa enerji dəhlizi də inkişaf etdirilir. Artıq Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın ötürücü sistem operatorlarının birgə müəssisəsi yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasının 2026-cı ilin birinci rübündə tamamlanması gözlənilir; mərhələli icra isə 2040-cı ilə qədər nəzərdə tutulub...

“Yaşıl enerji layihələri” sessiyasında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva Xəzər dənizinin ekoloji problemini diqqət mərkəzinə gətirib. O bildirib ki, bu məsələnin təkcə Xəzərə qonşu ölkələri deyil, bütün dünya ekosistemini narahat etdiyini vurğulayıb: “Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Əgər Xəzər dənizi problem yaşayırsa, dünya ekosistemi də problem içindədir”.

Leyla Əliyeva Xəzərin Aral dənizi və Urmiya gölü taleyini yaşamaması üçün birgə səy göstərilməsini önəmli hesab edib. Bu çıxış iclasın ekoloji məzmununu artıraraq tikinti enerji müzakirəsinə humanist bir ölçü qatıb.

İclasla paralel olaraq keçirilən Azərbaycan-Avropa İttifaqı “Yaşıl bağlantılar üzrə investisiya” dəyirmi masasında iki tərəf arasındakı biznes dairələri arasında tərəfdaşlıq imkanları ətraflı dəyərləndirilib. Prezident İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgenseni də qəbul edib. Yorgensen Azərbaycanın hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, açılış çıxışının “dərin təəssürat hissi” yaratdığını qeyd edərək tərəfdaşlığın genişləndirilməsinə maraqlarını bildirib. Danışıqlarda enerji sahəsindəki Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi, həm təbii qaz, həm də yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub. Böyük Britaniya da bu toplantıda öz nümayəndəsi vasitəsilə Azərbaycanda yaşıl enerji dəhlizləri ilə bağlı geniş əməkdaşlıq potensialı gördüyünü bildirir”.

Naqif Həmzəyev bildirib ki, martın 3-də Bakıda keçirilən bu ikili toplantı Azərbaycanın yürütdüyü dual enerji strategiyasını bir daha açıq şəkildə ortaya qoyub: “Ölkə eyni anda həm qaz ixracını artırmaq, infrastrukturunu genişləndirmək, yeni bazarlara çıxmaq; həm də bərpaolunan enerji sahəsini inkişaf etdirmək, karbon emissiyalarını azaltmaq, yaşıl enerji ixracatçısına çevrilmək məqsədini güdür. Bu strategiyanın məntiqi sadədir: Avropanın qısamüddətli enerji təhlükəsizliyinə qaz ixracı ilə töhfə vermək, uzunmüddətli isə yaşıl enerji tərəfdaşlığı ilə münasibətləri möhkəmləndirmək. 2024-cü ilin COP29 ev sahibi olaraq Bakıda keçirilməsi Azərbaycanın iklim gündəliyindəki rolunu da gücləndirib. Xəzər dənizinin 157 GVt-lik ofşor külək potensialı, azad edilmiş ərazilərdəki yaşıl enerji zonası planları, SOCAR Green-in dekarbonlaşdırma hədəfləri — bütün bunlar Azərbaycanın sadəcə yanacaq ixracatçısı olmaqdan çıxaraq çevikli enerji aktoru olma yolunda irəlilədiyini göstərir. Bakı Konqres Mərkəzindəki bu iclaslar məhz bu tarixi dönüşümün simvolik ifadəsinə çevrilib”.

“Yaşıl enerji iqtisadiyyatı canlandırır”

İqtisadçı ekspert Xalid Kərimli vurğulayıb ki, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan həm qaz ixracını artırır, həm də yaşıl enerji üzrə gündəliyini irəli aparır.

Onun sözlərinə görə, qazın genişləndirilməsi ölkənin enerji asılılığını aşağı salmasa da, enerji sektorunun inkişafını davam etdirir: “Ekspertin sözlərinə görə, ölkə öz istehlakının 30%-ni yaşıl enerji mənbələrindən təmin etməyi və illik 3 QVt yaşıl enerji istehsalını həyata keçirməyi planlaşdırır. Bu, Avropaya Qara dənizin dibi və ya Türkiyə üzərindən artıq elektrik enerjisinin ixracını mümkün edəcək”.

Xalid Kərimli vurğulayıb ki, belə addımlar Azərbaycan qeyri-neft sektorunun inkişafını dəstəkləyir, ekoloji təmiz bərpa olunan enerji istehsalını artırır və eyni zamanda neft-qaz sektorunun iqtisadiyyatda payını qoruyub saxlayır.

Günel Elxan