Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib: Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir Siyasət

Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib: Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir

Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qətər dövləti qardaş Türkiyə Respublikasının ballistik raketlə və Azərbaycan Respublikasında bir hava limanının İran dronları ilə hədəfə alınmasını kəskin şəkildə pisləyir.

Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir və İranın məsuliyyətsiz hücumları ilə dövlətlərin suverenliyinin pozulmasıdır. Bu, həm də regionda sülh və stabilliyə birbaşa təhdiddir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.