Moratinos: Cənubi Qafqazdakı pozitiv inkişaf göstərir ki, gərgin münaqişələr də sülhə çevrilə bilər Siyasət

Moratinos: Cənubi Qafqazdakı pozitiv inkişaf göstərir ki, gərgin münaqişələr də sülhə çevrilə bilər

Cənubi Qafqazda son illərdə baş verən pozitiv inkişaflar göstərir ki, hətta gərgin münaqişələr də sülhə çevrilə bilər.

Bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Əvvəlcə Prezident İlham Əliyevə və onun hökumətinə bizi Bakıda qəbul etdikləri üçün təşəkkür edirəm. XIII Qlobal Bakı Forumuna bir daha qoşulmaq mənim üçün böyük şərəfdir. Bu forum qlobal qeyri-müəyyənlik dövründə düşüncə, dialoq və kollektiv fəaliyyət üçün əvəzsiz bir platformadır”, - BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi vurğulayıb.

Migel Anxel Moratinos qeyd edib ki, beynəlxalq mühit bu gün onilliklər ərzində heç vaxt olmadığı qədər “qaranlıq” və həssasdır: “İnsanlıq misli görünməmiş bir böhran konvertasiyası ilə üzləşir. Söhbət süni intellektin insan gələcəyinə təsiri, iqlim dəyişikliyinin artan gərgin vəziyyəti, aclıq və yoxsulluğun davam etməsi və hərbi münaqişələrin gündəlik iş rutinimizə çevrilməsindən gedir. Belə çətin anlarda əsas sual budur: diplomatiya haradadır və lazım deyilmi? Biz buradayıq. Amma diplomatik vasitələrdən istifadə edərək böhranları necə idarə edəcəyik? Bu forum göstərir ki, diplomatik kanallarla aparılan dialoq hələ də bölgələrdə gərginliyi azaltmaq və etimadı bərpa etmək üçün ən güclü vasitədir. Gərginlik artdıqda siyasi liderlər həmişə diplomatik və siyasi həllər axtarıblar. Cənubi Qafqazda son illərdə baş verən pozitiv inkişaflar göstərir ki, hətta gərgin münaqişələr də sülhə çevrilə bilər. Beynəlxalq hüquq yalnız qaydalar çərçivəsi deyil, o, insan ləyaqətinin qoruyucusudur və beynəlxalq sabitliyin təməlidir. Çoxtərəfli əməkdaşlıq bugünkü qlobal mühitdə həyati əhəmiyyət daşıyır. Biz yalnız strukturların yoxluğundan deyil, həm də siyasi iradənin və həmrəyliyin çatışmazlığından əziyyət çəkirik. Yeni çoxtərəfli sistem inklüziv, təmsilçi və effektiv olmalıdır, güc siyasətinə deyil, ortaq prinsiplərə və qarşılıqlı məsuliyyətə əsaslanmalıdır. Süni intellekt insan tarixində hər hansı texnologiyadan daha sürətlə dünyamıza təsir edir. Lakin insan intellekti ilə idarə olunarsa, süni intellekt insanlıq üçün faydalı ola bilər. Nəhayət, gənclərimiz gələcəyimizin ümid daşıyıcılarıdır. Cənubi Qafqazda Azərbaycan və Ermənistan yaxınlaşdıqca, bu anı miras alan gənclər olacaq. Gəncləri dinləyək, dəstəkləyək və onlarla birlikdə hərəkət edək, çünki sülh hekayəsi əsasən onların əllərindədir. Dünya daha çox ümidsizliyə yox, daha çox qərarlılığa ehtiyac duyur. Daha çox çıxışa yox, daha çox liderliyə ehtiyac var. Diplomatiya öz yerini qaytarmalıdır”.