Çin səfiri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib Siyasət

Çin səfiri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Azərbaycan İrandan təxliyə olunan Çin vətəndaşlarına böyük dəstək göstərib.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

Səfir bildirib ki, ABŞ və İsrailin İrana hərbi zərbələrindən sonra Çin vətəndaşlarının təhlükəsiz şəkildə ölkədən çıxarılması üçün geniş təxliyə tədbirləri həyata keçirilib.

“Hərbi zərbələrdən sonra Azərbaycan hökuməti Çin vətəndaşlarının İrandan təxliyəsinə fəal şəkildə kömək edib və 600-dən çox Çin vətəndaşının Astara dövlət sərhədindən buraxılış məntəqəsindən uğurla keçməsinə dəstək göstərib”, – səfir vurğulayıb.

Lu Mey qeyd edib ki, bu addım Çin və Azərbaycan arasında yüksək səviyyəli siyasi qarşılıqlı etimadın növbəti nümunəsidir.

“Bu münasibətlə Azərbaycan hökumətinə göstərdiyi dəstək və yardıma görə dərin minnətdarlığımı bildirirəm”, – diplomat əlavə edib.