Muxtar Babayev: 30 COP tədbiri keçirilib, lakin qəbul edilən qərarların icrası ciddi suallar doğurur Siyasət

Muxtar Babayev: 30 COP tədbiri keçirilib, lakin qəbul edilən qərarların icrası ciddi suallar doğurur

“COP29 çərçivəsində Bakıda 300 milyard ABŞ dolları həcmində qərar qəbul edilib, təəssüf ki, bəzi dövlətlər bu qərarlardan kənarlaşdıqlarını bildirirlər”.

Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti, Azərbaycanın sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Danışıqların o tərəfində: COP-u canlı saxlamaq mübarizəsi” adlı panel müzakirəsində deyib.

“İlk illərdə fonda donorlar tərəfindən kifayət qədər ianələrin edildiyinin şahidi olduq, lakin hazırda bu vəsaitlərin həcmi azalır. Ən az inkişaf etmiş ölkələrə və ada dövlətlərinə maliyyə dəstəyinin verilməsi, onların iqtisadiyyatlarının gücləndirilməsi vacibdir. Amma hazırda bir çox ölkə daha çox müdafiə və təhlükəsizlik sahəsinə vəsait ayırır, münaqişə risklərinə qarşı özlərini sığortalamağa çalışır. Nəticədə isə iqlim məsələləri bir qədər arxa plana keçir”.

Muxtar Babayev həmçinin qeyd edib ki, bu günə qədər 30 COP tədbiri keçirilib, lakin qəbul edilən qərarların icrası və onların real həyata keçirilməsi hələ də ciddi suallar doğurur:

“Bu panel bəlkə də həmin məsələlərin yenidən müzakirəsinə imkan yaradacaq. Həm keçmiş, həm də gələcək COP prezidentləri perspektivləri nəzərdən keçirirlər. Çox çətin və mürəkkəb dövrdür. Çoxtərəflilik və BMT sistemi ciddi təzyiq altındadır. Bu səbəbdən biz təkcə COP-un uğurlu nəticələrini artırmaq barədə deyil, həm də gələcək çağırışlar barədə düşünməliyik”.