
“Ermənistanın Baş naziri Nikol Paşinyan son brifinqində Azərbaycanla sülh sazişinin mütləq imzalanacağını deməklə əslində regionda artıq geri dönüşü olmayan bir prosesin getdiyini etiraf etmiş oldu. Bu, təkcə diplomatik bəyanat deyil, həm də son illərin siyasi reallığının qəbuludur. Xüsusilə İkinci Qarabağ müharibəsi və onun nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı regionda güc balansını köklü şəkildə dəyişdirdi. Bu dəyişiklikdən sonra sülh gündəliyi artıq alternativsiz görünür”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova söyləyib.
Deputat bildirib ki, sazişin konkret nə vaxt imzalanacağı məsələsi isə daha çox texniki və siyasi detalların tamamlanmasından asılıdır: “Çünki tərəflər arasında əsas prinsiplər – ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlər uzun müddətdir müzakirə olunur. Bu baxımdan sənədin imzalanması aylar məsələsi də ola bilər, daha uzun diplomatik proses də tələb edə bilər. Amma prosesin məntiqi göstərir ki, tərəflər gec-tez bu mərhələyə gələcəklər. Əgər belə bir sənəd imzalansa, şübhəsiz ki, bu, Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki onilliklər boyu davam edən qarşıdurma regionun inkişaf potensialını ciddi şəkildə məhdudlaşdırıb. Sülh sazişi isə təkcə münaqişənin formal bitməsi demək deyil. Bu, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin açılması, ticarət əlaqələrinin genişlənməsi və ümumilikdə regionun geosiyasi sabitliyinin möhkəmlənməsi üçün yeni imkanlar yarada bilər”.
E.Akimovanın sözlərinə görə, digər tərəfdən, sülh sənədinin imzalanması bütün problemlərin bir gündə həll olunacağı anlamına gəlmir: “Tarixi etimadsızlıq, siyasi ritorika və daxili siyasi faktorlar prosesi zaman-zaman çətinləşdirə bilər. Lakin əsas məsələ odur ki, tərəflər artıq müharibə ritorikasından daha çox sülh gündəliyini müzakirə edirlər. Bu isə region üçün mühüm psixoloji və siyasi dönüş nöqtəsidir. Ona görə də Paşinyanın bu bəyanatını müəyyən mənada reallığın etirafı kimi də qiymətləndirmək olar. Cənubi Qafqaz uzun illər münaqişə ilə tanınıb. İndi isə tarix regiona başqa bir imkan verir – qarşıdurma səhifəsini bağlayıb əməkdaşlıq və sabitlik dövrünə keçmək imkanı. Bunun nə qədər tez və nə qədər uğurlu baş tutacağı isə həm siyasi iradədən, həm də tərəflərin bu prosesi nə qədər səmimi şəkildə davam etdirməsindən asılı olacaq”.
Röya İsrafilova