Özbəkistan Prezidentinin müşaviri: Azərbaycanla strateji əməkdaşlıq inkişaf edir Siyasət

Özbəkistan Prezidentinin müşaviri: Azərbaycanla strateji əməkdaşlıq inkişaf edir

“Özbəkistan və Azərbaycan arasında strateji əməkdaşlıq inkişaf edir”.

APA xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov deyib.

Onun sözlərinə görə, bu, əsasən, Özbəkistan və Azərbaycan prezidentləri arasında möhkəm qardaşlıq münasibətlərinin qurulması ilə bağlıdır.

"Bizim aramızda ən yüksək səviyyədə əməkdaşlıq və etimad mövcuddur. Bu, strateji münasibətlərdir. İqtisadi əməkdaşlıq və humanitar sahədə fəal əməkdaşlıq inkişaf edir. Biz iki böyük region – Mərkəzi Asiya və Qafqaz regionu ilə əməkdaşlıq edirik. Burada Azərbaycan, Prezident İlham Əliyev mühüm rol oynayır", – Abdulaziz Kamilov bildirib.

O vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində yeni geosiyasi məkan yaradılması mümkündür: "Nəticədə Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən yeni geosiyasi məkanın formalaşdırılması mümkündür".

Kamilov, həmçinin Azərbaycan prezidenti ilə Mərkəzi Asiya dövlətləri sammitində əldə olunmuş razılaşmaları qeyd edib: "Artıq bu məsələdə qarşılıqlı anlayış mövcuddur. Bu razılaşmalar Azərbaycan prezidentinin səfəri və Mərkəzi Asiya sammitində iştirakı zamanı əldə olunub. Region ölkələri artıq beş deyil, altı dövlətlə birlikdə bir sıra vacib regional və qlobal məsələlərdə ortaq yanaşmalara malikdir. Bu, çox müsbət haldır və biz qardaş Azərbaycanla birgə bir çox mühüm regional və qlobal proseslərdə vahid yanaşmaya sahibik”.