"Elçibəy hakimiyyəti zamanı..." Siyasət

"Elçibəy hakimiyyəti zamanı..."

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, bayram günləri güclü yağışın nəticəsi olaraq, şəhərin bəlli ərazilərini növbəti dəfə su basdı. Hər dəfə insanlar bundan ciddi əziyyət çəkirlər. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Bu məsələ mən və digər həmkarlarım tərəfindən parlamentdə dəfələrlə qaldırılıb və çıxış yolları təklif olunub. Bunun üçün dövlət idarəetmə sistemində ifrat mərkəzləşməyə son qoyulmalı, yerli dövlət hakimiyyəti orqanlarının səlahiyyəti artırılmalıdır. Bunlar edilərsə sizi əmin edirəm ki, problemi qısa bir müddətdə köklü şəkildə həll etmək olar, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən milyardlıq iri layihələrin həyata keçirilməsinə ehtiyac yaranmaz. Çox təəssüf ki, islahatların gecikdirilməsi səbəbindən xalqımız əziyyət çəkir.

- Qüdrət bəy, Pakistanın və bir neçə müsəlman dövlətinin sülh təşəbbüsü ABŞ ilə İran arasında müharibəyə son qoya bilərmi?

- Hələlik belə bir ehtimal az olsa da, çox istərdim ki, bu baş versin. Pezeşkian prezident seçiləndə davamlı olaraq deyirdim ki, o, İranda proseslərin dinc yolla inkişafı üçün bəlkə də son şansdır. Dini lider onu müdafiə etməli və islahatlar həyata keçirməsinə kömək etməlidir. Çox təəssüf ki, bu şans qaçırıldı. Vəziyyəti düzgün qiymətləndirə bilmədilər və Pezeşkiana belə bir imkan yaradılmadı. Hazırda İran dağılma təhlükəsi ilə üz-üzədir. Heç olmasa indi Pezeşkiana ABŞ ilə anlaşmağa və islahatlar aparıb normal dövlət qurmağa imkan verilməlidir.

- Tramp bəyan edib ki, o İranın neft sənayesinə nəzarət etmək istəyir. Bu açıqlamanı necə qarşıladınız?

- Dünyada beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən, terrorizmi dəstəkləyən, kiçik dövlətlərə təcavüz edən, onları qorxu altında saxlayan "rogue state" - "xuliqan dövlətlər"ə qarşı cəsarətli davrana bilən demokratik liderə ehtiyac yaranmışdı. Yalnız ABŞ lideri bu missiyanı yerinə yetirə bilərdi. Tramp müəyyən cəsarətə sahib olsa da, tez-tez fikrini dəyişən, impulsiv siyasətçidir. Onun Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı bir müddət əvvəl necə tərifləməsinə, indi isə narazı qaldığı üçün necə ağır təhqir etməsinə bütün dünya şahidlik etdi. Tramp özü də qanunların aliliyinə, demokratik dəyərlərə çox da əhəmiyyət vermir, güclülərə pərəstiş edir. Yəqin, inanır ki, İranda demokratik dövlət qurmaq mümkünsüzdür. Ona bu heç lazım da deyil. Bir nəfəri idarə etmək daha asandır. Ola bilsin neft pullarını hakim zümrə talamasın deyə belə təşəbbüslə çıxış edib. ABŞ neft pullarını İranın silahlanmasına, xaricdə proksi silahlı qüvələr saxlamasına yox, sadə insanlar üçün daha səmərəli xərcləyə bilər.

- ABŞ müharibədən çıxmaq üçün İranın şərtlərini qəbul edə bilərmi?

- Bu mümkünsüzdür. Çünki bu dərhal Epişteyn məsələnin yenidən gündəmi zəbt edəcəyinə və Trampa impiçment elan olunmasına yol açacaq və 3 noyabrda Respublikaçıların aralıq seçkiləri birmənalı uduzması ilə nəticələnəcək. Baydeni Əfqanıstandan "dovşan" qaçışında ittiham edən Tramp eyni addımı atmayacaq.

- Bu günlərdə Uitkof İlham Əliyevi güclü lider kimi nümunə göstərmişdi, ABŞ-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

- Tramp administrasiyası İlham Əliyevə güclü lider kimi rəğbətlə yanaşır, bu çox yaxşı haldır. Amma çox təəssüf ki, ABŞ-nin sabit xarici siyasəti yoxdur. Orada bir-birini əvəz edən administrasiyalar arasında düşmənçilik var, siyasi sistem parçalanıb, cəmiyyət qütbləşib. Ona görə iqtidarı həmişə çağırıram ki, ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurulsun, əməkdaşlıq edilsin, amma istənilən administrasiya ilə müəyyən məsafə saxlanılsın. Heç bir ABŞ administrasiyası ilə nə dost olmalıyıq, nə də düşmən.

- Gözləntilərin əksinə olaraq TRİP layihəsinin (Zəngəzur dəhlizinin) həyata keçirilməsi istiqamətində real addımlar atılmır...

- ABŞ Rusiyanın və İranın narazılığını nəzərə alır və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. Tramp Zelenski kimi Sorosun adamı olan Paşinyanı da çox sevmir. Türkiyə ilə Azərbaycanın dəmiryol xətti ilə birləşməsi və s. digər çoxsaylı faktorlar da işlərin sürətləndirilməsinə mane olur. Azərbaycan regional müstəvidə Türkiyə və Rusiyanın iştirakı və köməyi ilə Naxçıvana yolun açılmasını sürətləndirməyə və yekun sülh sazişini imzalamağa çalışmalıdır.

- Ermənistanda seçkilərin nəticəsini necə proqnozlaşdırırsınız?

- Paşinyanın şansı çoxdur. Amma rusiyayönümlü qüvvələrin də hakimiyyətə gəlmək imkanı yox deyil. Bu seçkilər Paşinyanın dediyi kimi, Ermənistanda sülhlə müharibə arasında seçim olacaq. Azərbaycan erməni xalqına açıq çağırış etməlidir ki, Xocalı qatillərinin, sülh müqaviləsinə yenidən baxmaq istəyən revanşistlərin hakimiyyətə gəlməsi bizim üçün qəbuledilməzdir və bunun ağır nəticələri olacaq. Revanşistlər hakimiyyətə gələrsə, baş verə biləcək təxribatların qarşısını almaq üçün, seçki ərəfəsində Ermənistanla sərhəd boyunca bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilməlidir. Seçkilərdə revanşistlər qalib gələrsə və atəşkəs pozularsa Azərbaycan Zəngəzur dəhlizinin keçdiyi ərazini nəzarətə götürməli, Naxçıvana yol açıldıqdan sonra əvvəlki razılaşmalara uyğun olaraq, həmin ərazini Rusiyanın və ya ABŞ-nin nəzarətinə verməlidir.

- Dövlət idarə, müəssisə və təşkilatlarında aparılan ixtisarlara münasibətinizi də bilmək istərdik...

- Azərbaycanda bürokratik aparatın siyasi qərarlar qəbul edən müstəqil siyasi gücə çevrilməsi ölkəmizə yaxşı heç nə vəd etmir və vəziyyəti dəyişmək lazımdır. Şişmiş bürokratik aparat inkişafımız, xüsusilə siyasi sistemin, dövlət idarəetməsinin təkmilləşdirilməsi qarşısında ən böyük maneələrdən biridir. Amma maliyyələşmə formasından asılı olmayaraq dövlət idarə, müəssisə və təşkilatlarında ixtisarlar özəl sektorun inkişafı üçün əlverişli şəraitin yaradılması ilə paralel aparılmalıdır ki, ixtisara salınan şəxslər özəl sektorda iş tapa, yaxud özlərinin kiçik bizneslərini qura bilsinlər. İxtisar olunanların bir qismi yaşlanıb, o yaşda harda özlərinə iş tapacaqlar? Onların banklara kredit borcları var, ailələri var. Onları taleyin ümidinə buraxmaq olmaz. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə görə dövlətin ali məqsədi vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək, 15-ci maddəsinə görə bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına yardım göstərmək, 35-ci maddəsinə görə işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmək olmalıdır. İqtisadi sferada, qarşılıqlı nəzarəti təmin etmək üçün dövlət idarəetməsində və məhkəmə hüquq sistemində ciddi islahatlar aparıb biznes mühitini yaxşılaşdırmadan böyük ixtisarlara gedilməsi gözlənilən müsbət nəticələri verməyəcək. Dövlət orqanları ilə kommersiya subyektləri arasında yaranan mübahisələrə və kommersiya subyektləri tərəfindən törədilən iqtisadi xarakterli cinayət işlərinə də kommersiya məhkəmlərində baxılmalı və ən azından ilkin mərhələdə kommersiya məhkəmələrində andlı iclasçılar institutu tətbiq olunmalıdır. İqtisadi inkişaf tempinin bu qədər aşağı olduğu bir dönəmdə, əslində durğunluq zamanı kütləvi ixtisarlar böyük sosial sarsıntılara yol aça bilər. Beynəlxalq təcrübə göstərir ki, texnokratların siyasi həssaslığı, intuisiyası bir qayda olaraq çox aşağı olur, onlar xalqı duymur, sosial və siyasi prosesləri tam dərk etmirlər. Bizdə hökumət əsasən siyasətçilərdən yox, bitərəflərdən formalaşdırılıb. Ona görə də hökumət üzvləri onlara ünvanlanan tənqidlərə belə əsaslandırılmış cavab vermir, düşünürlər ki, bu, iqtidaryönlü deputatların və jurnalistlərin işidir. Onlar özlərini texnokrat adlandırsalar da, sözün doğrusu bilmirəm, onlara texnokrat demək olar, ya-yox. Texnokrat - maliyyə, iqtisadiyyat, texnologiya sahəsində dərin biliklərə sahib olan şəxslərə deyilir. Bizdə bəzi vəzifəli şəxslərə baxanda adam fikirləşir ki, ali təhsili yox, ali təhsil haqqında diplomu olan istənilən şəxs onların yerini tuta bilər. Düşünmürəm ki, onlar qərarlar qəbul edərkən siyasi kriteriyaları nəzərə alırlar və bəlkə heç onun nə olduğunu da bilmirlər.
İxtisarların bu formada aparılması iqtidarın da maraqlarına cavab vermir. Bir nümunə göstərim, Elçibəy hakimiyyəti zamanı islahatların ardıcıllığı düzgün müəyyən edilmədən, ciddi hazırlıq işləri aparılmadan ali məktəblərə və kolleclərə qəbul test imtahanları əsasında keçirildi. Bunun nəticəsi olaraq, maaşlarının artırılmasına baxmayaraq, on minlərlə müəllim - professor heyətinin həyat səviyyəsi bəlli səbəblərdən birdən-birə kəskin pisləşdi. İctimai fikrə təsir etmək gücü olan həmin kontingent, zümrə "qarışqadan fil düzəldərək" bir il ərzində AXC hakimiyyətinin nüfuzunu yerlə bir etdi. Gəncədə qiyam başlayanda AXC üzvləri belə bütün çağırışlara rəğmən, Administrasiyanın qarşısında təşkil olunan mitinqlərə gəlib iqtidara öz dəstəklərini ifadə etmədi. Əlbəttə, başqa səbəblər də var idi. Ancaq həlledici faktorlardan biri də bu idi. İndi bilə-bilə ki, yüz minlərlə ixtisar olunan, dövlət idarəetməsi barədə bilgilərə sahib, ictimai fikrə təsir imkanı olan ali təhsilli şəxs başqa yerlərdə iş tapa bilməyəcək, bu cür böyük ixtisarlara getmək hər zaman haqlı olaraq öyündüyümüz sabitliyin altına qoyulan bomba olacaq. Onlar pensioner deyillər. Hökumət onu da nəzərə almalıdır ki, bu gün iri özəl şirkətlərdə, holdinqlərdə də ixtisarlar aparılır, daha böyük ixtisarlar üçün hazırlıq işləri görülür.
Hökumət səviyyəsində ixtisarlar dayandırılmalı, neftin qiymətini qaldırmaqla Allahın bizə verdiyi növbəti şansdan istifadə edib güclü iqtisadiyyat qurumaq üçün islahatlara başlamalıyıq.