İƏT Trampın Qüdslə bağlı qərarını pislədi Siyasət

İƏT Trampın Qüdslə bağlı qərarını pislədi

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.

Sammitdə 48 ölkə iştirak edib. Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunub.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, ümumilikdə, 9 islam ölkəsi hələlik görüşə qatılmaqla bağlı heç bir açıqlama verməyib.

Təşkilatın müşahidəçi statusundakı üzvləri Rusiya və Çin də İstanbul sammitinə diplomatik səviyyədə nümayəndələrini göndərib.

Tədbirə "Quran" oxunması ilə başlanıb.

"Qüds Fələstinin işğal altındakı paytaxtı kimi tanınmalıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsindəki nitqi zamanı deyib ki, bu gün burada islamın ilk qibləsi və Əl Əqsanın şəhəri Qüdsümüzün tarixi statusuna edilən təcavüzü müzakirə etmək için toplaşmışıq. Uzun sözə gərək yoxdur. Qüdsdə, bu qədim şəhərin küçələrində bir neçə dəqiqə dolaşan hər kəs oranın işğal altında olduğunu anlayacaqdır.
"Onsuz da işğal altında olan bu şəhər barədə verilən belə bir qərarın heç bir hökmü ola bilməz. ABŞ-ın veto səlahiyyətinə sahib olduğu BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi qərara əsasən, heç bir ölkənin Qüdsdə səfirliyi ola bilməz. ABŞ-ın bu hüquqsuz qərarına sadəcə Qüdsü işğalda saxlayan İsrail dəstək vermişdir. İslam ölkələri ilk andan açıq şəkildə bu qərarı tamamilə rədd edib. Bu qərarın vicdan, hüquq, əxlaq və tarix önündə hökmsüz olduğunu elan etdik. Bu barışı istəyən fələstlinlilərin cəzalandırılması mənasına gəlir.

1947-ci ildə və indi İsrail və Fələstinin ərazilərini müqayisə etdikdə, İsrailin işğalçı və terrorçu dövlət olduğu aydın görünür. Bu qeyri-qanuni qərarı qəbul etməyən bütün ölkələrə təşəkkürümüzü bildiririk", - Ərdoğan deyib.
Türkiyə prezidentinin sözlərinə görə, bu qərar, ilk növbədə, sülh istəyən fələstinlilərin cəzalandırılması deməkdir.
Ərdoğan böyük ekranda göstərilən xəritə üzərindən Fələstində 1947-ci ildən bu yana baş verən prosesləri izah edib. O, ötən illər ərzində Fələstinin kiçildiyini, İsrailin isə böyüdüyün deyib.
Ərdoğan Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb.
"İslam ölkələri paytaxtı Qüds olan, müstəqil Fələstin dövləti tələbindən əsla vaz keçməyəcək", - o vurğulayıb.
Türkiyə lideri Qüdsü İsrailin paytaxtı kimi tanıyan ABŞ prezidenti Donald Trampı da tənqid edib:
"Mən qərar verdim deməklə, bu dünyada heç bir şey olmur. Dünya yalnız sizdən ibarət deyil, BMT-nin 196 üzvü var. Mən 196 ölkənin bu qərara qarşı olacağına inanıram".

O, Roma Papasına və Qüds qərarını qəbul etməyən musəvilərə təşəkkür edib: "Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm".
R.T.Ərdoğan deyib ki, ABŞ-ın Qüds qərarına qarşı çıxan fələstinliləri dəstəkləyirik: "Birinci Dünya müharibəsində Qüdsü müdafiə edən bütün hərbçilərimizi rəhmətlə anırıq. Osmanlıların əl-Xəlil qapısını tikdirməsi mədəniyyətimizin ən bariz nümunəsidir. Bütün müsəlmanları Qüdsə gedib Hərami-Şərifi ziyarət etməyə çağırıram. Fələstinin dövlət müstəqilliyini tanımayan ölkələri bu addımı atmağa dəvət edirəm. Sözdə iki dövlət prinsipindən danışırlarsa, buna əməl edilmir. İşğalçı ilə işğal edilənin eyni səviyyədə tutulması qəbuledilməzdir. Gələcək nəsillər adına hər kəsi maddi-mənəvi cəhətdən səfərbər etməyə çağırırıq. ABŞ dövlət başçısını bu qərarını geri çəkməyə dəvət edirik. Bu gün burada verdiyimiz mesajların bütün dünya tərəfindən dəyərləndiriləcəyinə ümid edirik. Bu qərar BMT-nin qətnaməsinə qarşı çıxmaqdır".

"Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir"

Fələstin dövlətinin başçısı Mahmud Abbas isə çıxışında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailə hədiyyə etmək istədiyini deyib.
"Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Bu məsələdə ən böyük dəstəkçi ABŞ idi".
M. Abbas bildirib ki, bu gün də ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir: "Həmişə ABŞ-ın yanında olduğunu gördüyümüz Kanada, Böyük Britaniya və Avstraliya da bu dəfə haqsız qərarla əlaqədar ABŞ-ın yanında deyillər. Bu gün ABŞ Fələstin torpaqları üzərindən İsrailə jest edir. Ancaq bu addımın sülhə, barışa xidmət etmədiyini də görürük. Bu gün bütün müsəlmanların, xristianların, bütün xalqların dəstəyini qazanaraq ABŞ-ın bu addımına qarşı çıxmaq üçün bura toplaşmışıq. Qüds əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacaq. O, Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil".
Fələstin lideri bütün islam ölkələrinə, xüsusən Türkiyəyə Fələstinə dəstək verdiyi üçün təşəkkür edib: "İslam liderlərinin timsalında bütün dünyaya səslənmək istəyirəm. Biz bu böyük qəsdə, təhlükəyə qarşı bu sammitdə qəti qərar qəbul etməli, bütün müsəlmanlar və xristianların müqəddəs məkanlarının qorunması üçün bu addımı atmalıyıq. Fələstinin müstəqil dövlət kimi meydana çıxmasına çalışmalıyıq. Fələstin xalqı və Aksa məscidi ətrafında növbə tutan qardaşlarımızı, Qüdsdə yaşayıb, qanunsuzluq və zülmlərə məruz qalan insanlarımızı salamlamaq istəyirəm. Qüdsdə fələstinlilərin torpaq və evləri alınır, zorla iş yeri bağlanır, böyük vergi yükü qoyulur. Aksa məscidində ibadətimizə böyük maneə törədirlər. Qüdsdə, qədim şəhərdə yaşayan bütün müsəlman və xristianları salamlayıram. Qüdsün kənarında olan insanları da salamlayıram. Biz sizinlə birgə Qüdsü qoruyacağıq. Biz Fələstinin paytaxtı olan Qüdsü müdafiə etməyə davam edəcəyik. Müstəqilliyimizə nail olana qədər bu mübarizəmizi dayandırmayacağıq".
M. Abbas qeyd edib ki, D. Trampın ABŞ səfirliyini Qüdsə köçürmək qərarı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır: "BMTqərarına əsasən ABŞ da daxil olmaqla, heç bir ölkənin səfirliyini Qüdsə köçürməsi mümkün deyil. Bütün xalqları Fələstin mübarizəsinə dəstək verməyə çağırırıq. ABŞ bizimlə birgə sülh üçün çalışdığı bir zamanda son addımı ilə bizə yüz ilin silləsini vurdu. Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Bununla, ABŞ vasitəçilik missiyasını itirib. Bundan sonra gələcəkdə də ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək. Bu barədə qərar qəbul etmişik. Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. ABŞ-ın təktərəfli addımı radikal qruplarla radikal olmayan qruplara təsir edəcək, toqquşmalara yol açacaq. Dünyada din savaşından xeyir görən kimdir? Terror təşkilatlarını ortaya çıxaran və onlardan faydalanan kimdir? Mən bu sualı burada verirəm. ABŞ-ın bu qərarından geri addım atmasını gözləyirik".
Hər cür mümkün vasitələrlə ABŞ-ın bu ağılsız hərəkətinin qarşısını almaq üçün birləşməliyik".

"Müsəlman dünyası Qüdsün taleyinə biganə deyil"

Bunu İran prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.
H. Ruhani bildirib ki, bəzi ölkələrin sionist rejimlə əlaqələr qurması, hətta məsləhətləşmə və əlaqələndirmə səyləri belə bir qərara səbəb olub.
ABŞ-ın heç vaxt dürüst vasitəçi olmadığını və heç vaxt olmayacağını vurğulayan H. Ruhaninin sözlərinə görə, ABŞ-ın bu hərəkəti sayəsində Fələstin probleminin həllində Vaşinqtonun müsbət rol oynayacağına ümid edən insanlara bir daha aydın olub ki, ABŞ sionist rejiminin maraqlarını maksimum təmin etməyə çalışır və fələstinlilərin hüquqi tələblərinə hörmət etmir: "Bu gün yəhudilərin ən böyük düşməninin müsəlman və ərəblərin deyil, təhlükəli sionizm layihəsinin olduğu sirr deyil. Biz müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləriyik. Sionistlər isə burada yaddırlar və özlərini bu bölgədə qəbul etdiriblər".
H. Ruhani bildirib ki, bu gün keçirilən sammitdə ABŞ-ın bu hərəkəti qətiyyətlə pislənməlidir: "Müsəlman dünyası üçün sionist rejiminə qarşı birləşməliyik. Müsəlman dünyasının bütün problemləri dialoq şəkilində həll edilməlidir. ABŞ hökuməti bilməlidir ki, müsəlman dünyası Fələstin və Qüdsün taleyinə biganə deyil. Yalnız İslam birliyi sayəsində İslam ümmətinin və Müqəddəs Qüdsün hüquqlarını daha yaxşı dəstəkləyə bilərik. İran hər zaman istənilən müsəlman ölkəsi ilə Qüdsü müdafiə etməyə hazırdır. Fələstin məsələsi yenidən müsəlman dünyasının gündəminə daxil edilməlidir".

"Bu qərar vəziyyəti daha da ağırlaşdıracaq"
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sədri Yusuf bin Ahmed Əl Useymin isə bildirib ki, ABŞ-ın verdiyi bu qərar bütün beynəlxalq prinsiplərə zidddir: "Qüdsə qarşı verilmiş bu qərar vəziyyəti daha da ağırlaşdıracaq".
Daha sonra Useymin işğalçı İsrail qüvvələrinin Qüdsdən uzaq durmaları üçün bir yerə toplaşdıqlarını bildirib:
"Qüds Fələstin dövlətinin paytaxtıdır və 1967-ci ildən bu yana onun ayrılmaz hissəsidir. Bütün beynəlxalq müqavilələr də eyni şeyi söyləməkdədir. Orta Şərqdəki sabitliyin təməli Fələstinin vəziyyətini açıq şəkildə həll etməkdən keçir. Çünki Fələstin xalqının paytaxtı Şərqi Qüds olan bir dövlət qurmaqda haqqı var".
İsrailin bu mövzuda planlarını yox etmək üçün atılacaq addımların hər birini düşünmək lazım olduğunu deyən Useymin "Fələstin dövlətini qəbul etməyimiz lazımdır. Beynəlxalq aləmdə dövlət olaraq qəbul etməyən ölkələrə də sülhü təmin edə bilməmiz üçün bunu etməyimizin vacibliyini söyləməliyik. Qüds bizim qəlbimizdə yer alan bir yaradır, amma təkbaşına həll olunmayacaq. Birlikdə əl-ələ verib həmrəy olmalıyıq" ifadələrini işlədib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.