
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər ölkədə hüquqi bazanın daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş gender bərabərliyi üzrə 2026–2028-ci illəri əhatə edən Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrasına xidmət edir: “Layihə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan geniş hüquqi araşdırmaların nəticəsi olmaqla yanaşı, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Dəyişikliklər ümumilikdə 190 fəaliyyət istiqamətini əhatə edir və əsasən işləyən qadınların əmək münasibətlərində hüquqlarının daha effektiv qorunmasına yönəlib. Bu yeniliklər beynəlxalq hüquqi sənədlərin tələblərinə cavab verir və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə uyğun şəkildə hazırlanıb.Azərbaycan BMT çərçivəsində qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşularaq gender bərabərliyi istiqamətində mühüm addımlar atıb və bu istiqamətdə milli səviyyədə koordinasiya mexanizmləri formalaşdırılıb.Dünya Bankının “Qadınlar, biznes və hüquq” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması da ölkədə həyata keçirilən islahatların real nəticəsidir və bu dinamika gələcəkdə daha böyük irəliləyişlər üçün zəmin yaradır”.
Bununla yanaşı, deputat hesab edir ki, qadınların məşğulluq imkanlarının genişləndirilməsi, əməkhaqqı bərabərliyinin təmin edilməsi və ailə ilə iş həyatının balanslaşdırılması istiqamətində əlavə addımların atılması vacib olaraq qalır: “Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi yalnız qanunvericilikdə deyil, praktikada da tam şəkildə təmin olunmalıdır”.
K.Nurullayeva həmçinin bildirib ki, yeni dəyişikliklərin icrasına nəzarət mexanizmləri gücləndirilməli, əməyin obyektiv qiymətləndirilməsi sistemi daha da təkmilləşdirilməlidir: “Həm dövlət, həm də özəl sektorda şəffaflığın artırılmasına xidmət edəcək. Gender sahəsində qanunvericiliyin daha da inkişaf etdirilməsi üçün “gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi və “xüsusi tədbirlər” anlayışının daha konkret tənzimlənməsi vacibdir. Bu addımlar qəbul edilən qərarların daha əsaslandırılmış və effektiv olmasına imkan yaradacaq”.
Günel Elxan