Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı Siyasət

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayıl rayonunun inzibati ərazisində müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin "Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" 2024-cü il 29 oktyabr tarixli 466 nömrəli Qərarı ilə müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınmasının müddəti 1 il uzadılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.